Azərbaycan Prezidenti: Yaxın illərdə yeni yataqlardan enerji resursları hasil edəcəyik | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: Yaxın illərdə yeni yataqlardan enerji resursları hasil edəcəyik

15:40 - 29 / 05 / 2019
Azərbaycan Prezidenti: Yaxın illərdə yeni yataqlardan enerji resursları hasil edəcəyik

Yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə imzalanmış kontraktlar tarixi əhəmiyyət daşıyır:

"Ondan sonra da kontraktlar imzalanmışdır. Onların bəzilərinə xitam verildi. Çünki biz beynəlxalq təcrübədə də kifayət qədər tez-tez bu vəziyyətlə rastlaşırıq ki, qazma işləri aparılır, amma kifayət qədər mənbə aşkar olunmur. Amma yenə də deyirəm, “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” bizim neft-qaz sektorumuzun əsas hissəsini təşkil edir.

Əlbəttə ki, növbəti mərhələdə neft-qaz kəmərlərinin tikintisi məsələsi gündəliyə çıxmışdır və bu məsələ də uğurla həll olundu. Hesab edirəm ki, bu da tarixi layihədir. 2006-2007-ci illərdə nəhəng neft-qaz kəmərlərinin istifadəyə verilməsindən sonra Azərbaycanın böyük ixrac imkanları olmuşdur və Xəzər dənizindən çıxarılan neft-qaz həm daxili bazara, həm də ki, xarici bazarlara göndərilməyə başlanılmışdır".

Dövlət başçısı bildirib ki, “Əsrin kontraktı”nın əhəmiyyəti, eyni zamanda, onda idi ki, ilk dəfə olaraq Xəzər dənizinə xarici neft şirkətləri dəvət olundu və onlar Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi ilə məşğul olmağa başladılar:

"İxrac neft-qaz kəmərlərinin tikintisindən sonra əlbəttə ki, Azərbaycan yeni mərhələyə qədəm qoydu və digər yataqlar üzrə danışıqlar aparılmağa başlanmışdır. Onların bir neçəsi artıq qüvvədədir və hesab edirəm ki, yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik".

Dövlət başçısı deyib ki, “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək.

Prezident İlham Əliyev qeyd edib: "Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz o, Azərbaycan rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bizə inandı. Çünki o vaxt bu inam əsas şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmayə qoymazdı. Çünki Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı və investorları buraya cəlb etmək üçün böyük səylər göstərilmişdir. 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona “Ərsin kontraktı” adı verilmişdir. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı".

Dövlət başçısı qeyd edib ki, “Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var:

"Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək".

1news.az

 

 

Paylaş:
347

Son xəbərlər

Bütün xəbərlər