Ermənilərin nəzərinə: BMT Çaqos adaları üzərində Böyük Britaniyanın idarəçiliyini dayandırdı – Mübariz Əhmədoğlu | 1news.az | Xəbərlər
Siyasət

Ermənilərin nəzərinə: BMT Çaqos adaları üzərində Böyük Britaniyanın idarəçiliyini dayandırdı – Mübariz Əhmədoğlu

11:07 - 30 / 05 / 2019
Ermənilərin nəzərinə: BMT Çaqos adaları üzərində Böyük Britaniyanın idarəçiliyini dayandırdı – Mübariz Əhmədoğlu

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ermənilər həmişə özlərinə sərf edən müxtəlif modellər, variantlar və ideyalar axtarışındadırlar.

Əslində bu elə düzgündür. Çünki ermənilər heç vaxt dövlətə malik olmayıblar və bu gün BMT üzvü, beynəlxalq hüquqi statusuna görə müstəqil dövlət olmalı olan Ermənistan respublikası özünü idarə edə bilmir. İndi bu fonda Dağlıq Qarabağ ermənilərinin müstəqil dövlət qurması absurddur. 30 il ərzində baş verənlər də bunun əyani sübutudur.

Qondarma qurumda  ““prezident” seçkiləri” ərəfəsində keçmiş “baş nazir” A.Arutyunyanın adı ilə bağlı çoxlu nöqsanlar ortalıqdadır. Dünya erməniliyini aldadıb, investisiyanı gətirib Dağlıq Qarabağa, sonradan bəlli olub ki. bütün investisiyalar təyinatı üzrə xərclənməyib. Hamısı A.Arutyunyanın korporativ maraqlarına xidmət edib. Ermənilərin müstəqil dövlət qurmaq potensialının olmamasında ən vacib elementlərdən biri onların dünyada özləri üçün müxtəlif model axtarmalarıdır.

Yaxınlarda Serbiyanın prezidenti A.Vuçiç Kosovo üzərində Serbiyanın nəzarətinin olmadığını bəyan etdi. Qondarma qurumun separatçı rəhbərliyi bunu Azərbaycana nümunə kimi göstərdilər. Bu düşüncədə olan separatçı qurumun rəhbərliyi təkcə yarımsavadlı deyil, hətta yarımağıl şəxslərdir. Çünki Serbiya prezidentinin dediyini hətta sonadək oxuya bilməyiblər. Onun dediyini sonadək oxusaydılar başa düşərdilər ki, Ermənistanın və dünya erməniliyinin Dağlıq Qarabağa xərc çəkməsi tamamilə əsassız bir məsələdir. Əslində Serbiya Ermənistan üçün çox vacib nümunədir. O da nəzərə alınmalıdır ki, Kosovo ilə Dağlıq Qarabağın fərqi yenə də Azərbaycanın xeyrinədir. Çünki Kosovo ilə bağlı BMT-nin qərarı Kosovanın müstəqil dövlət kimi tanınması istiqamətindədir və 50-yə yaxın dövlət Kosovanı müstəqil qurum kimi tanıyıblar.

Bütün bunların hamısından daha vacib bir neçə gün öncə BMT Baş Assambleyası Hind okeanında yerləşən Çaqos adası ilə bağlı qərar qəbul etdi. O zaman Mavrikiya Böyük Britaniyadan müstəqillik əldə edərkən Çaqos adasının Mavrikiyadan ayrılması qanun üzrə baş tutmayıb. İndi bu gün Çaqos Böyük Britaniya üçün həyati əhəmiyyətə malikdir. Çaqosda ABŞ-ın hərbi bazası mövcuddur. Lakin buna baxmayaraq BMT Baş Assambleyası Çaqosu Mavrikiyanın tərkibinə qaytardı. Onun Böyük Britaniya tərəfindən idarəçiliyini qanunsuz idarəçilik adlandırdı.

Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi məhkəmə qərarları da onun üzərində qurulub ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən idarə olunur və bu idarəçilik də qanunsuz idarəçilikdir. Beləliklə Azərbaycan rəhbərliyi BMT Baş Assambleyasında Ermənistanın Dağlıq Qarabağın idarəçiliyinə təsiri, Azərbaycan torpaqlarının işğal altında saxlanması ilə bağlı yenidən məsələ qaldıra bilər. Bu mənada doğrudan da David Babayan bir növ xeyirxah təşəbbüs irəli sürüb və BMT Baş Assambleyasının Ermənistana Dağlıq Qarabağın idarəçiliyi ilə bağlı xəbərdarlıq və yaxud cəza bəyannaməsinin elə müjdəsini də məhz David Babayan verər.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər