Səfir: Gürcüstan hər zaman Azərbaycanın dəstəyini hiss edib - FOTO

Gürcüstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
1news.az xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze çıxışında ölkəsinin müstəqilliyinin tarixindən danışıb. Azərbaycanla münasibətlərdən söz açan diplomat bildirib ki, müstəqilliyinin ilk günlərindən etibarən Gürcüstan və Azərbaycan tərəfdaşlıq və strateji əlaqələri inkişaf etdirib. Azərbaycan ilə Gürcüstan arasındakı strateji münasibətlər yalnız regional layihələrlə məhdudlaşmır, iki ölkə beynəlxalq arenada da yaxın münasibətlərə malikdir.
Pataradze əlavə edib ki, Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşırlar.
"Gürcüstan həmişə qardaş ölkə olan Azərbaycanın dəstəyini hiss edib, əlaqələrimizin dinamikası artmaqdadır: TAP, TANAP, Bakı- Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri bunun sübutudur. İki ölkə arasında nəqliyyat, ticarət, turizm, enerji sahələrində əməkdaşlıq inkişaf edir, diplomat bildirib.
Milli Məclisin sədri Oqtay Əsədov bayram münasibətilə Prezident İlham Əliyevin adından Gürcüstan xalqını təbrik edib. Spiker bildirib ki, iki xalqın taleləri oxşardır:
"Hər iki xalq eyni tarixi dövrdə müstəqillik əldə edib. Gürcüstan və Azərbaycan yaxın ölkələr olmaqla bərabər, həm də strateji tərəfdaşlardır. Həyatın bütün sahələrində münasibətlərimiz inkişaf edir. Reallaşdırılan enerji layihələri xalqlarımızın gələcək rifahını şərtləndirir. Ölkələrimiz arasında münasibətlər qarşılıqlı surətdə inkişaf etdirilir. Hər iki ölkənin parlamentlərində dostluq qrupları var. Beynəlxalq təşkilatlarda da hər iki ölkənin deputatları eyni mövqedən çıxış edir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir".
Spiker əlavə edib ki, iki ölkə arasında bütün məsələlər qarşılıqlı anlaşma yolu ilə həllini tapır. Hazırda sərhədlərin delimitasiyası sahəsində komissiya işləyir və inanırıq ki, bu məsələ yaxın zamanda öz həllini tapacaq.
O.Əsədov vurğulayıb ki, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər iki ölkə arasında humanitar əlaqələrin inkişafında önəmli rol oynayır.
Milli Məclisin sədri əmin olduğunu bildirib ki, iki ölkə arasında münasibətlər bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək.
Tədbir bədii hissə ilə davam edib.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
P.Sultanova