Çin - sivilizasiyaların dialoq məkanı, "Bir kəmər, bir yol"un ideya müəllifi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çin - sivilizasiyaların dialoq məkanı, "Bir kəmər, bir yol"un ideya müəllifi - FOTO

11:55 - 31 / 05 / 2019
Çin - sivilizasiyaların dialoq məkanı, "Bir kəmər, bir yol"un ideya müəllifi  - FOTO

Bu günlərdə Çin Xalq Respublikası iki mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi. Pekində keçirilən “Asiya sivilizasiyaları dialoqu” beynəlxalq konfransı və Nankin şəhərində baş tutmuş “Bir kəmər, bir yol” media konfransı”.

Birinci qeyd edilən beynəlxalq tədbir kifyət qədər yüksək səviyyədə təşkil edilmişdi və bir çox ölkələrin birinci şəxslərinin iştirakı ilə keçirildi. Əlbəttə ki, qədim svilzasiyanın ünvanlarından biri olan, dünya mədəniyyətinə, tarixinə misilsiz töhfələr verən Çinin belə bir konfransa ev sahibliyi etməsi təbiidir. Konfransda bütün sivilzasiyaların özünəməxsusluğu vurğulandı və onların qorunmasının zəruriliyi qeyd edildi.

Çin prezidenti Si Cinpin öz çıxışında qeyd etdi ki, Asiya xalqları böyük tarix yazıblar, onlar min illiklər ərzində tarix yaradıblar. Böyük Çin səddi, Böyük Tac mahal, Böyük İpək Yolu və digər abidələr, ticari yolların hər birinin sivilzasiyaların yaranmasında öz yeri var.

O deyib ki, Asiya xalqları bu regionda sülh və əmin-amanlığın olmasını arzu edirlər. Sülh olmadan, münaqişələr bitmədən iqtisadi inkişaf, sosial inkişaf da ola bilməz. Asiyada sülhün, sabitliyin, təhlükəsizliyin olması çox vacibdir.

Dünyada yoxsulluğa, aclığa son qoymaq lazımdır. Asiya regionu son 10 ildə dinamik inkişaf yolu keçib. Bu inkişaf həm də inteqrasiyanın nə dərəcədə vacib olduğunu göstərir. Asiya xalqları öz svilzasiyalarının qədimliyini saxlamağa çalışırlar. Bütün svilzasiyalar gözəldir və onları qorumaq lazımdır, Çin də Asiya svilzasiyasında mühüm yer tutur.

Yunanıstan prezidenti Prokopis Pavlopulos isə çıxışında öz sivilzasiyalarını unikal hesab etmədiklərini deyərək, vurğulayıb ki, bütün svilzasiyalar gözəl və unikaldır:

“Biz bütün svilzasiyalara hörmətlə yanaşırıq. Sivilzasiyalarda konflikt olmamalıdır, vaxtilə səhvlərə yol verilib. Bütün sivilzasiyalar qorunmalıdır.

Daha sonra Kamboca kralı, Şri-Lanka, Sinqapur  prezidentləri, YUNESKO-nun baş direktoru Odre Azule çıxış ediblər.

Konfransın panel müzakirələri də kifayət qədər maraqlı keçib. Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə “Asiya sivilizasiyaları dialoqu” beynəlxalq konfransında məruzəçi kimi çıxış edib.

Alim “Asiya sivilizasiyalarının qarşılıqlı mübadiləsi və bəşəriyyət üçün birgə gələcəyin cəmiyyəti” adlı forumda “Asiyada sivilizasiyalar dialoqu və Azərbaycanın tarixi təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə zəngin sivilizasiyaların beşiyi olan Asiyanın tarixi, onun dünya üzrə mədəni dəyərlərin yaradılmasında yeri və rolu, eləcə də çağdaş dövrümüzdə Asiya ölkələrinin inkişaf tendensiyalarına toxunulub.

Qeyd olunub ki, dünya iqtisadiyyatında Asiyanın xüsusi çəkisinin tədricən artması müasir dövrdə əsas trendə çevrilib. Tarixən Asiyada iki əsas lider dövlət Çin və Hindistan idisə, bu gün Yaponiya, Koreya Respublikası, Tailand, Pakistan və digər ölkələr dünya iqtisadiyyatına ciddi təsir edən ölkələrdir.

Məruzədə, həmçinin Asiyanın əsas ölkələrindən olan Azərbaycanın tarixi təcrübəsinə də toxunulub. Qeyd olunub ki, insan potensialına görə dünya xəritəsində mühüm yeri olan Azərbaycan kiçik ölkələr kateqoriyasına daxil olsa da, vacib bir missiyanı yerinə yetirir. Ölkə Avropa və Asiya, eləcə də Avrasiya və Yaxın Şərq arasında körpü rolunu oynayaraq xüsusi əhəmiyyətli coğrafi mövqeyini hər zaman qoruyub saxlayır.

Xatırladaq ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin himayədarlığı və iştirakı ilə təşkil edilən konfransa müxtəlif ölkələrdən 1000-dən çox iştirakçı qatılıb.

Konfransı çərçivəsində mayın 15-də Asiya mədəniyyət karnavalının açılışı olub. Pekindəki məşhur “Quş yuvası” stadionunda keçirilən tədbirdə Çin Xalq Respublikasının Sədri Si Cinpin çıxış edib.

 

Karnaval çox maraqlı hazırlanması, mükəmməl səhnə dizaynı ilə diqqəti çəkib.

Tədbirin açılış mərasimi və karnavalında Azərbaycan sənətçiləri iştirak ediblər. Qala konsertin proqramına Birləşmiş Simfonik Orkestrinin, habelə müxtəlif ölkələrdən dəvət olunmuş milli folklor və rəqs kollektivlərinin birgə çıxışları daxil edilib.

“Asiya sivilizasiyalarının dialoqu” konfransında gənc liderlər, 2000-dən artıq ölkənin nümayəndə heyəti, dünya səviyyəli rəssam və musiqiçilər, habelə 70 mindən çox tamaşaçı iştirak edib. Tədbir “Gəncliyin bayramı, Asiyanın arzusu" mövzusuna yönəlib. Karnaval müxtəlif möhtəşəm sənət nümayişləri və yüksək texnologiyalı səhnə effektlərini nümayiş etdirir. Konfransı çərçivəsində keçirilən Asiya mədəniyyət karnavalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblı (direktor Elçin Qədimov), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (direktor Elçin Abbasov) və Birləşmiş Millətlər Simfonik Orkestrinin tərkibində beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, truba ifaçısı İsrafil Rəsulov çıxış edib. Azərbaycan Dövlət Rəqs Ansamblı 40 nəfərlik heyətlə “Mənim Azərbaycanım” suitasını ifa edib. Ansamblın konsert proqramını Xalq artisti Rüfət Xəlilzadə hazırlayıb.

Azərbaycanlı sənətçilərin çıxışı xüsusi alqışlarla qarşılanıb.

(Azərbaycanlı sənətçilərin çıxışı 56:16-cı dəqiqədən başlayır)

Nankin şəhəri isə  "Kəmər və Yol" Media və Düşüncə Mərkəzlərinin fikir mübadiləsi konfransına ev sahibliyi etdi. Təbirdə Rusiya, Pakistan, Azərbaycan, Monqolustan, Hindistan, Myanmar, Qazaxıstan daxil olmaqla 17 ölkədən media nümayəndələri və ekspertlər iştirak edib.

Çin Beynəlxalq Nəşriyyat Qrupunun direktor müavini Gao Anming deyib ki, bu konfrans Çin və xarici media, beyin mərkəzləri arasında ünsiyyət və əməkdaşlıq üçün yeni imkanlar təmin edir.

Pakistan parlamentinin senatororu, Xarici əlaqələr Komitəsinin sədri Muşahid Hüseyn Sayed deyib ki, mətbuat və düşüncə mərkəzlərinin beynəlxalq ictimaiyyətdə ünsiyyətin qurulmasında və münaqişələrdən yayınmaqda mühüm bir funksiyaya malikdirlər.

"İnsanlar fərqli mədəniyyətlərin kommunikasiyası üçün ən yaxşı körpüdürlər. Mədəniyyətlərin bir-birindən öyrənmələri üçün təşəbbüs lazımdır və biz belə bir təşəbbüsün inkişafını təşviq etməliyik", komitə sədri əlavə edib.

Nankinin vitse-meri Hu Hong deyib ki, “Kəmər və Yol” təşəbbüsü Çin və digər ölkələr arasında qarşılıqlı anlaşma və əməkdaşlığı inkişaf etdirməyə, mediya və düşüncə mübadiləsi tədbiri ölkələrə ünsiyyətləri dərinləşdirməyə, dostluğun artmasına kömək edə bilər.

Tədbirdə müxtəlif ölkələrin ekspertləri, media nümayəndələri çıxış edərək qeyd edilən istiqamətdə əməkdaşlığın inkişafı üçün müxtəlif təkliflər verdilər. Qeyd edildi ki, bu cür tədbirlər, fikir mübadiləsi regional inkişaf, xalqlar arasında əlaqlərin dərinləşməsində mühüm rol oynaya bilər.

P.Sultanova

 

 

 

 

Paylaş:
1099

Son xəbərlər

Bütün xəbərlər