Politoloq: Həmsədrlərin may bəyanatı onların tənzimlənmədə dördtərəfli format yolunda olduğunu göstərir

ATƏT-in Minsk Qrupu həmsədrlərinin may ayında regiona səfəri zamanı özlərinin yanaşmasında kifayət qədər ciddi dəyişiklik ortalığa qoydular.
Ola bilər bu Ermənistanın “hamının-hamıya mübadiləsi” prinsipini rədd etməsi ilə bağlıdır. Ermənistan indi danışıqları yubatmaqla məşğuldur, nəyə də ümid edəcəyi bəlli deyil. Həmsədrlər artıq belə vəziyyətlə Serj Sərkisyanın dövründə rastlaşıblar. Həmsədrlər tam əmindirlər ki, N.Paşinyan və komandası S.Sərkisyan və onun ətrafı kimi deyil, ola da bilməzlər.
Həmsədrlərin yanaşmasında 2 dəyişiklik aydın görünür:
1. Həmsədrlər regiona son səfərləri zamanı Dağlıq Qarabağda özləri demiş de-fakto hakimiyyət təmsilçiləri ilə görüşdülər. Separatçı qondarma qurumun separatçı rəhbərliyi ilə bir neçə görüş keçirsələr də onların yaydığı bəyanatda bu təfərrüat göstərilməyib. Həmsədrlər bəyanatında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə də görüşdüklərini bildirirlər. Dağlıq Qarabağda bir neçə görüşün fonunda Azərbaycanda Tural Gəncəliyevlə görüş barədə təxminən eyni həcmdə informasiyaları yayması bu diplomatiyada təsadüfən olan hal deyil.
2. Həmsədrlər bəyanatda “qoşunların təmas xətti” frazası ilə yanaşı, həm də “beynəlxalq sərhəd “termini işlədirlər. Əlbəttə, bu həmsədrlərdə yenilik deyil, bir neçə dəfə belə hal olub. Lakin baş verənlər fonunda buna da həmsədrlərin ermənilərə mesajı kimi yanaşmaq olar; “qoşunların təmas xətti” və “beynəlxalq sərhəd” fərqlı şeylərdir.
Həmsədrlərin qarşıdakı addımlarını proqnozlaşdırmaq olar. Proqnoza daxil olan ilk parametr Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətidir. Bəzi məlumatlara görə Dağlıq Qarabağın azərbaycanlı icması sosial şəbəkələrdə Dağlıq Qarabağ erməniləri ilə əlaqə qurmağa hazırlaşır, bəlkə də artıq qurublar. Həmsədrlər sosial şəbəkələr vasitəsilə 2 icma təmsilçiləri arasında qurulan əlaqələri rəsmən gündəliyə gətirəcəklər. Bu anlamda artıq dördtərəfli format rəsmiləşəcək. Rəsmi Bakının mövqeyinə görə Dağlıq Qarabağ münaqişəsində 2 əsas-Azərbaycan Respublikası və Ermənistan Respublikası və 2 maraqlı tərəf- Dağlıq Qarabağın azərbaycanlı və Dağlıq Qarabağın erməni icmaları mövcuddur. Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə ATƏT-in sənədlərinə söykənərək bunu sübut ediblər. Ən tutarlı dəlillərdən biri də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin mövqeyidir.
Hadisələrin belə istiqaməti həmsədrlərin rəsmi Bakı ilə eyni lad üzrə hərəkətdə olduğunu göstərir. Beynəlxalq ictimaiyyətin rəyinin Azərbaycana tərəf çevrilməsi Ermənistanın daxilində baş verənlər fonunda Ermənistan dövlətçiliyi üçün çox böyük təhlükəyə çevrilə bilər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq