Meksika səfiri Şəmkirə səfər edib

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək məqsədilə Şəmkir rayonuna səfər edib.
1news.az-a səfirlikdən verilən məlumata görə, diplomat burada Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ilə görüşüb.
İcra başçısı rayonun tarixi və əhalisi, eyni zamanda vacib sənaye sahələri haqqında məlumat verib, yerli və xarici ziyarətçiləri cəlb edən rayonun turistik potensialına toxunub.
Səfir Labardini, öz növbəsində, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrindəki inkişaf barədə danışıb. Turizmi əməkdaşlığın vacib sektoru kimi önə çəkən cənab Labardini deyib ki, 2017-2018-ci illər ərzində Azərbaycanda meksikalı turistlərin sayı 8.93%, Meksikada isə azərbaycanlı turistlərin sayı təxminən 20% artıb.
Əlavə edib ki, azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko və Kankun şəhərlərini seçirlər.
Tərəflər regionlararası əlaqələrin möhkəmləndirilməsini vacib hesab ediblər. Şəmkir rayonu ilə Meksikanın oxşar profil və xüsusiyyətləri olan şəhəri arasında mümkün qardaşlaşma barədə söhbət aparıblar.
Səfər çərçivəsində, Labardini alman kilsəsi, Tarix-Diyarşünaslıq muzeyi, Şəmkir Aqroparkı və şərab istehsalı zavoduna baş çəkib.
P.Sultanova