Britaniyanın yeni səfiri: Azərbaycanla münasibətləri yeni mərhələyə çatdırmaq niyyətindəyəm - VİDEO

Mən Böyük Britaniyanın Azərbaycanda yeni səfiri olmaqdan çox məmnunam.
1news.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı yeni səfiri Ceyms Şarp salamlama videosunda deyib.
Səfir bildirib ki, Azərbaycan surətlə inkişaf edən və Britaniya üçün əhəmiyyət kəsb edən bir ölkədir:
“Birləşmiş Krallıq ilə Azərbaycan arasında güclü və tarixi əlaqələr mövcuddur. Mən bu əlaqələri daha da inkişaf etdirmək və münasibətləri yeni mərhələyə çatdırmaq niyyətindəyəm. Bura siyasi münasibətlərimizi gücləndirmək, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək və hal-hazırda yüksək səviyyədə olan ticarət və enerji məsələlərində əməkdaşlığımızı genişləndirmək kimi məsələlər aiddir.
Mən eyni zamanda təhsil turizm və idman, mədəniyyət kimi sahələrdə iki ölkənin vətəndaşları arasındakı əlaqələri daha da gücləndirmək istəyirəm. Bundan əlavə, demokratiya və insan hüquqları məsələlərində açıq və məhsuldar müzakirələr aparmaqda maraqlıyam. Bu ölkənin dilinin və tarixini öyrənmək üçün artıq Azərbaycanda bir müddət vaxt keçirmişəm və Azərbaycan xalqının nə qədər istiqanlı, qonaqpərvər olduğuna şahid olmuşam.
Ona görə də Azərbaycanda yaşamağı və işləməyi, bu ölkə və xalq haqqında daha çox məlumat toplamağı, onun zəngin mədəniyyətindən zövq almağı səbrsizliklə gözləyirəm”.
P.Sultanova