Futbol yığmamızın gələcəyi varmı? – VİDEO
Azərbaycan milli yığma komandası Avropa Çempionatının seçmə mərhələsində ilk xalını qazandı.
Son Dünya Çempionatının ikinçisi olan Xorvatiya yığması Bakida büdrədi. Balkan təmsilçisi ilə heç-heçə futbol ictimaiyyətini xeyli təəccübləndirdi. Xorvatiya qarşılaşmadan əvvəl aşkar favorit sayılırdı. Qrupun lideri Bakıya yüksək əhval-ruhiyyə ilə gəlmişdi. Üç gün öncə səfərdə Slovakiya yığmasını darmadağın etmişdi (4:0).
Əslində oyunun əvvəli yaxşı heç nə vəd etmirdi. Rəqib ilk dəqiqələrdən irəli atılmışdı, millinin oyunçuları isə sanki həyəcan içində idilər. 11-ci dəqiqədə 2018-ci ilin ən yaxşı oyunçusu Luka Modriç 11-metrlik cərimə zərbəsindən sonra hesabı açdı.
Növbəti 15-20 dəqiqə ərzində xorvatlar ən azından iki yüz faizlik qol şansını boşa verdi. Düzdü, bu epizodlarda qapıçımız Emil Balayev fantastik oynadı. Ümumiyyətlə birinci hissə yığmamız üçün çox çətin keçdi. Qapıda Balayev olmasaydı hesab bəlkə də artıq 0:2 və ya 0:3 olardı.
Amma oyunun ikinci yarısında futbolçularımız dönüş yarada bildilər. Komandamız artıq hücuma 2-3 yox, daha çox oyunçu ilə keçməyə başladı. Bunun nəticəsi olaraq Təmkin Xəlilzadə gözəl qola imza ataraq, yığmamıza seçmə mərhələdə ilk xalını qazandırdı.
Bu oyun haqqında çox deyilib və çox danışılıb. Bunları təkrar etməyin heç bir mənası yoxdur. Mən sadəcə bir sualın ətrafında dayanmaq istəyərdim. Yığmamızın gələcəyi varmı?
Uels və Xorvatiya ilə oyunlarda çoxlarının diqqətini bir məqam çəkdi. Komandamızın əsas heyətində perspektivi olan beş gənc futbolçu oynayırdı.
Oyunun qəhrəmanı - qolkiperimiz Emil Balayevin 25 yaşı var. Qapıçı üçün bu hələ karyeranın başlanğıcıdır. Bəhlul Mustafazadə (22 yaş), Anton Krivotsuk (21 yaş), Mahir Əmrəli (22 yaş), Ramil Şeydayev (23 yaş). Onlardan əlavə Uels və Xorvatiya komandalarına qarşı oyunlara Ömər Buludov (21 yaş) və Renat Dadaşov (20 yaş) də dəvət olunmuşdur.
Yığmamızda açıq-aydın cavanlaşma, nəsil dəyişmə prosesi gedir. Mutləq qeyd edək ki, bu proses təbii yolla gedir. Milli – ölkənin bir nömrəli komandası və yığmada yaşından asılı olmayaraq ən güclülər oynamalıdı. Və son oyunlarda yığmamızda gənc oyunçular daha təcrübəlilərdən məhz üstün olduqlarına görə heyətdə idilər.
Artıq başqa məsələdir ki, Avropanın aparıcı klublarında və yığmalarında 20-21 yaşlı oyunçular komandalarını arxasınca aparırlar. Amma futbolumuzun reallığı ondan ibarətdir ki, futbolçularımız çox gec parlamağa başlayırlar. Daha da çox inkişaf etmək üçün isə oyunçularımız xaricə üz tutmalıdırlar. Bu haqda da biz dəfələrlə yazmışıq. Futbolçularımızın komfort zonasını tərk etmək və özlərini xaricdə sınamaq istəməməsı – futbolumuzun ən böyük problemlərindən biridir.
Gənclər (U-21) yığmamızın Gürcüstana 0:3 hesabı ilə uduzması bunu bir daha göstərdi. Rəqibin heyətində futbolçuların yarısı məhz xarici klublarda oynayanlardı. Obyektiv olsaq, Gürcüstan layiq olduğu qələbəni qazandı.
Futbolumuzun digər problemi – rəqabətsizlikdir. Rəqabət olmayan yerdə futbolçu inkişaf etməz. Bu artıq aksiomadır. U-21-in əksər üzvləri isə ya Birinci Divizionda oynayır, ya da oyun praktikası sarıdan əziyyət çəkirlər. İsmayıl İbrahimli kimi istisnalar isə “Qarabağ”ın ulduz heyətində sadəcə ümumi mənzərəni pozmur. Gənc oyunçu yeni mövsümü 3 qolla başlasa da, yığmada ondan gözlənən liderlik keyfiyyətlərini göstərə bilmədi.
Yığmamızın gələcəyi varmı sualına qayıdaraq onu qeyd etim ki, gənc və perspektivli olmaq yetərli deyil. Tək istedadla çox da irəli getmək mümkün deyil. Hər bir futbolçu öz üzərində işləməlidi. Və yuxarıda da qeyd etdiyim kimi, inkişaf üçün futbolçularımız xaricə üz tutmalıdı. Birdən-birə hec bir top-komanda bizim fulbolçuya təklif göndərməz. İlk öncə azərbaycanlı futbolçular özlərini ortabab klublarda və çempionatlarda sübut etməlidirlər. İlk addım həmişə çətin olur amma böyük perspektivlər də vəd edir. Yığmamızın gələcəyi məhz belə addım ata biləcək futboçulardan asılıdır.
Teymur Maksutov