Bakıda BMT Əhali Fondunun 25-ci ildönümü qeyd edilib

Bu gün BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə nümayəndəliyi fəaliyyətə başlamasının 25-ci ildönümü münasibətilə yüksək səviyyəli rəsmi qəbul təşkil edilib.
1news.az xəbər verir ki, qəbulda BMT-nin Əhali Fondunun ötən dövr ərzində ölkədə fəaliyyətinə dəstək olan və mühüm töhfələr verən tərəfdaşları - rəsmi şəxslər, dövlət strukturlarının rəhbər şəxsləri və nümayəndələri, ölkəmizə akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan hökuməti uzun illərdir ki, BMT-nin Əhali Fondu ilə uğurla əməkdaşlıq edir və qarşıya qoyulan məqsədləri uğurla yerinə yetirib.
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan hökuməti bu fondun ölkədəki fəaliyyətini yüksək qiymətləndirir: “İnanırıq ki, bundan sonra da fond Azərbaycanda öz fəaliyyətini eyni templə və uğurla davam etdirəcək”. Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan cəmiyyətində əhalinin sayı ciddi templə artmaqdadır və əhalinin layiqli həyat şəraiti ilə təmin edilməsi istiqamətində dövlət tərəfindən mühüm layihələr həyata keçirilir.
Ə.Əhmədov vurğulayıb ki, əhalinin sağlamlığı, insanların ehtiyaclarının ödənilməsi, təhsil almaları istiqamətində dövlət tərəfindən uğurlu layihələr həyata keçirilib və bu işlər davam etməkdədir. O qeyd edib ki, gənc nəslin lazımi tərbiyə olunması, sağlamlığı, əhalinin düzgün yerləşdirilməsi Azərbaycan hökumətinin diqqət mərkəzindədir və bunu üçün bir çox mühüm layihələr müəyyənləşdirilib və həyata keçirilməkdədir.
Ə.Əhmədov vurğulayıb ki, Ermənistanın Azərbayacana qarşı silahlı təcavüzü nəticəsində Azərbaycan əhalisinin tərkibində bir milyondan artıq qaçqın və məcburi köçkün var. O bildirib ki, bu münaqşiə nəticəsində əlil olan insanların lazım olan ehtiyaclarının ödənilməsi üçün, bu kateqoriyadan olan əhalinin işlə təmin olunması, onların həyat şəraitinin yaxşılaşdırılması üçün hökumət müxtəlif layihələr icra edir.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai bildirib ki, Azərbaycan hökuməti ilə 25 illik əməkdaşlığı ərzində BMT-nin Əhali Fondu milli inkişaf məqsədlərinə töhfə verməklə ölkədə Əhali və İnkişaf üzrə beynəlxalq konfransın gündəliyinin icrasına nail olmaqüçün vətəndaş cəmiyyəti, özəl sektor və digər tərəfdaşları ilə səylərini birləşdirə bilib.
Tədbirə qonaq qismində qatılan BMT-nin Əhali Fondunun Azərbaycan üzrə direktoru Karl Kulessa Fondun fəaliyyətində mühüm çərçivələrdən biri olan 25 il öncə Misirin Qahirə şəhərində keçirilən Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda (ICPD) qəbul edilmiş fəaliyyər proqramının əhəmiyyətindən danışıb. Bu ilin noyabr ayında Keniyanın paytaxtı Nayrobidə təşkil ediləcək "ICPD-25" sammiti haqqında məlumat verən Kulessa sözügedən proqramın hədəflərinə nail olmaq məqsədilə qlobal və ölkə səviyyəsində bütün maraqlı tərəfləri daha sıx əməkdaşlığa çağırıb.
Tədbir zamanı BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi tərəfindən səmərəli və məhsuldar əməkdaşlığa görə fərqlənmiş tərəfdaşlarına xüsusi təşəkkür elan edilib.
Qeyd edək ki, BMT-nin Əhali Fondunun ölkədə həyata keçirdiyi fəaliyyətə dəstək nümayişi olaraq qarşıdan gələn Nayrobi "ICPD-25" Sammitinin əsas hədəfləri altına imzalarını qoyublar.
P.Sultanova