Deputat: Azərbaycan Prezidentinin Soçidəki bəyanatı işğalçı Ermənistanın diplomatik nokautu deməkdir

Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına Soçidə Azərbaycan Prezidenti İlham Əliyevdən tutarlı cavab gəldi: "Qarabağ Azərbaycandır və nida".
1news.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
Deputat Nikol Paşinyanın Ermənistan ordusunun işğal etdiyi Xankəndidə sayıqlamasının cəfəngiyat olduğunu bildirərək deyib ki, əslində onun məqsədi özünü Qarabağ klanından daha radikal göstərməklə daxili auditoriyanın rəğbətini qazanmaq idi.
Məsələ burasındadır ki, biri var 2050-ci ildə Ermənistanı dünyanın az qala lider ölkəsinə çevirmək barədə nağıl danışıb populistlik edəsən, biri də var ki, Azərbaycan torpaqlarını öz adına çıxasan. Təbii ki, birinci nağıldan fərqli olaraq onun Qarabağ haqqında sayıqlaması cavabsız qala bilməzdi və qalmadı da. Dövlətimizin başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin, digər ölkələrin prezidentlərinin, yüksək səviyyəli rəsmilərinin və tanınmış beyin mərkəzlərinin analitiklərinin iştirak etdikləri “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı Paşinyana layiqli cavab verdi. Bu cavab Ermənistan baş nazirinin sözlərinin doğrudan da sayıqlama olduğunu, onun həddini aşdığını elə dəqiqliklə əsaslandırdı ki, Paşinyan özü orada olsa idi belə, etiraz etməyə söz tapmayacaqdı. Paşinyanın cavabını vermək üçün bundan doğru zaman, uyğun auditoriya, eləcə də yer ola bilməzdi və bu cavab işğalçı ölkənin diplomatik nokautu deməkdir.
1news.az