Almaniyada təhsil: gənc dizayner Ayla Mirzə Zadə ilə müsahibə – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Almaniyada təhsil: gənc dizayner Ayla Mirzə Zadə ilə müsahibə – FOTO

16:05 - 18 / 10 / 2019
Almaniyada təhsil: gənc dizayner Ayla Mirzə Zadə ilə müsahibə – FOTO

Avropada təhsil almaq bir çox abituriyent və tələbənin arzusudur. Və biz də öz növbəmizdə sizə ölkə və universitet seçimində kömək etmək üçün Avropada təhsil alan tələbələr ilə müsahibə etməyə davam edirik.

Burada Azərbaycandan olan Avropa universitetlərinin tələbələri öz hekayələri və təcrübələri ilə bölüşürlər. Məhz tələbələrin sözlərindən Avropada olan təhsilin incəlikləri haqqında öyrənəcəyik.

Bugünkü qonağımız Almaniyanın Burg Giebichenstein İncəsənət və Dizayn Universitetinin tələbəsi Ayla Mirzə Zadə-dir. İstedadlı həmyerlimiz Almaniyadakı tələbə həyatından danışdı.

- Ayla, bizə özün haqqında bir az danış. Necə oldu ki, sən indi Almaniyadasan və niyə məhz bu ölkəni seçdin?

- Mən Aylayam, 21 yaşım var, 3 ildir ki Almaniyada yaşayıram və təhsil alıram. Mən Halle şəhərində Burg Giebichenstein İncəsənət və Dizayn Universitetində interyer memarlıq fakültəsində təhsil alıram. Hər şey isə 5-ci sinifində başladı, bizim məktəbdə əlavə xarici dil kimi alman dilini keçməyə başladılar. O dil mənim çox xoşuma gəldi və mən SLZ-da (Sprachlernzentrum Aserbaidschan) onu daha dərin öyrənməyə başladım. Sonradan Almaniyaya getmək şansım oldu, orada iki dəfə dil məktəbində oxumuşam, və o zaman anladım ki, bu ölkənin təhsilə yanaşması mənim çox xoşuma gəlir, və təhsilimi məhz orada davam etdirmək qərarına gəldim.

- Niyə məhz Burg Giebichenstein İncəsənət və Dizayn Universiteti? Bu universitetdə səni nə cəlb etdi?

- Hansı universitetdə oxumaq istədiyim haqqında çox fikirləşdim - diqqətlə seçirdim, çünki yalnız bir şansım var idi. Səbəbini izah edim. Peşəm yaradıcı olduğundan, attestat və dili bildiyi haqqında sertifikat ilə yanaşı, universitetin özündə də qəbul imtahanı verməli idim. Almaniyada isə bütün incəsənət universitetlər imtahanları tamamilə fərqli vaxtlarda keçirdiklərinə görə, Azərbaycandan hər dəfə müxtəlif universitetlərə imtahana getmək mənim üçün qeyri-mümkün idi. Buna görə çox diqqətlə seçim etmək lazım idi. Seçimimdə isə mənim üçün bir neçə amil əhəmiyyətli idi. Mən universitetlərin tarixinə, onların reytinqinə baxırdım, ali məktəblərin saytlarını diqqətlə izləyirdim (yeri gəlmişkən, saytın dizaynı mənim üçün az əhəmiyyət kəsb etmirdi, çünki gələcəyin dizaynerlərini öyrədən universitet, mütləq, yaxşı tərtib olunmuş sayta malik olmalıdır), professor heyəti ilə, tələbələrin işləri ilə maraqlanırdım, hətta bəziləri ilə əlaqə saxladım. İstədim ki, hər şey təhsilim haqqında gözləntilərimə və daha da inkişaf etmək istəyimə uyğun olsun. Nəticədə mən yüzillik tarixi, maraqlı layihələri, güclü professorları və yeri gəlmişkən, çox gözəl bir saytı olan Burg Giebichenstein İncəsənət və Dizayn Universitetini seçdim. Və öz seçimimdən heç vaxt peşman olmadım.

- Universitetə necə daxil oldun? Təcrübən barədə bizə bir az məlumat ver.

- Dediyim kimi, standart sənəd toplusundan başqa, qəbul olunmaq üçün yaradıcılıq imtahanından keçmək və öz portfolio-mu təqdim etmək lazım idi. İmtahan iki gün davam edirdi. Birinci gündən sonra abituriyentlərin, demək olar ki, yarısı imtahandan kəsildi. Yadımdadır, necə həyəcanlanırdım və ikinci mərhələyə buraxılanların siyahısında adımı görəndə necə sevindim. İmtahanın özü rəsm, məkan təfəkkürü, dizayna yanaşma və s. üzrə müxtəlif təlimlərdən ibarət idi. İkinci günün sonunda professorlarla müsahibədən keçmək lazım idi. Mən onlara özüm haqqında danışdım, öz portfolio-mu göstərdim, izah etdim ki, mən bu universitetdə nə üçün oxumaq istəyirəm, onların suallarına cavab verdim. Və sonra nəticədən tamamilə xəbərsiz olaraq Bakıya yola düşdüm. Təxminən üç həftədən sonra professorlardan birindən təbrik məktubu aldım, və bir müddət sonra isə universitetə qəbulum haqqında rəsmi bildiriş gəldi.

- Bir az tələbəlik rutini haqqında danış, dərslər necə keçir?

- Bizim kifayət qədər tipik olmayan və qeyri-adi universitetimiz var. Hər halda, bütün tələbələr və professorlar dizaynerlər və ya rəssamlardır. Birinci kursda, müxtəlif fakültələrdən olan birinci kurs tələbələrinin olduğu ümumi qrupda, əsasları öyrənirdik (rəsm, rəng, işıq, plastik, material, fotoqrafiya, tipoqrafiya və s.). İkinci kursda artıq interyerin memarlıq fakültəsindən öz qrupumla ixtisas fənlərini keçdik. Üçüncü kursdan, nəhayət, semestr layihələri başladı, burada əldə olunan bütün bilikləri tətbiq etmək mümkün oldu. Demək olar ki, hər növbəti semestrdə üçüncü, dördüncü kurs tələbələri və magistrantlardan ibarət yeni bir qrupla təhsil alıram. Və hesab edirəm ki, bu, yeni insanlarla daim təmasda olmağa, təcrübə mübadiləsi aparmağa imkan verən çox maraqlı bir sistemdir.

- Avropa universitetlərində təhsilin müsbət cəhətləri hansılardır?

- Almaniyada bütün universitetlər çox fərqlidir. Öz universitetim haqqında deyə bilərəm ki, üstünlüklər həqiqətən çoxdur. Tam təchiz olunmuş emalatxanalardan başlayaraq, tələbələr üçün çox əlverişli güzəştlərə qədər. Lakin, ən əsas müsbət cəhəti azadlığı hesab edirəm – seçim, baxış və hərəkət azadlığını. Burada bütün təhsil sistemi həyatda istədiklərini bilən, necə və nəyi öyrənəcəyini qərar verən, müstəqil insanlar üçün nəzərdə tutulmuşdur. Professorlar bizimlə bərabər şərtlərlə ünsiyyət qururlar, çox güvənli bir münasibətimiz var. Bütün bunlar birlikdə olduqca xoş bir atmosfer yaradır, hətta dostluq atmosferi deyərdim.

- Təhsildən asudə vaxtlarında nə ilə məşğul olursan? Bir az da Almaniyada həyatın haqqında danış.

- Təhsil, əslində, mənim zamanımın əsas hissəsini tutur, boş vaxtlarımda isə çalışıram ki, öz hobbimi atmayım. Məsələn, çərşənbə günü Aktzeichnen-a gedirəm (çılpaq bədənin çəkilməsi), hətta bir vaxtlar sosial şəbəkələrdə #айлаинаброски hashtag-ini yaratmışdım və çəkdiyim eskizlərimi paylaşırdım. Almaniyada mən idmanla maraqlanmağa başladım, tez-tez yeni bir şeyləri sınayıram, məsələn, bu semestrdə Afrobitə getməyi düşünürəm. Və təbii olaraq boş vaxtımı dostlarımla keçirirəm, tez-tez bir şey bişirmək, ünsiyyət qurmaq, maraqlı tədbirlərdə iştirak etmək üçün bir yerə toplaşırıq.

sizinavropa.az

S.Xankişiyeva

 

Paylaş:
3730

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər