“5G” şəbəkələri sahəsində lider ölkələr açıqlanıb
Telekommunikasiya sahəsində tədqiqatlarda ixtisaslaşan "GSMA Intelligence" təşkilatı ABŞ, Çin və Cənubi Koreyanın beşinci nəsil mobil rabitə şəbəkəsindən (5G) istifadə sayına görə lider olacağını proqnozlaşdırır.
1news.az ictnews.az-a istinadən bildirir ki, 2025-ci ildə dünyada "5G" xidmətlərindən istifadə edən abunəçilərin yarısından çoxunun qeyd olunan ölkələrin payına düşəcəyi gözlənilir. Cənubi Koreyada mobil şəbəkələrə qoşulmaların 66 faizini "5G" bağlantıları əhatə edəcək. ABŞ və Çində bu göstərici 50 faiz təşkil edəcək.
Çin "5G" şəbəkəsinin nüfuzetmə səviyyəsinə görə 36 faiz payla dördüncü, Avropa isə 30 faizlik nəticə ilə beşinci pillədə qərarlaşacaq.
Analitiklər qeyd edir ki, "5G" şəbəkələri rəqəmli transformasiya və rəqəmli iqtisadiyyatın vacib tərkib hissələrindəndir.
Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
1news.az