Ekspert: Azərbaycan Avrasiya regionu üçün mərkəzə çevrilməkdədir
Davos toplantısının analoqu yoxdur. Azərbaycanın hər il bu forumda iştirakı ölkəmiz üçün müsbət dvidentlər qazandırır.
Bunu 1news.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını, Prezidentin səfərinin nəticələrini şərh edərkən deyib:
“Düzdür, Azərbaycan kiçik ölkədir, dünya iqtisadiyyatında çox cüzi paya sahibdir. Ancaq olduqca mühüm bir regionda yerləşir, böyük siyasi və iqtisadi nüfuza sahibdir. Dövlət başçımızın yürütdüyü siyasət nəticəsində ölkəmiz öz əhəmiyyətini demək olar ki, bütün aparacı iqtisadi ölkələrə və dövlətlərə kifayət qədər güclü şəkildə sübut edib.
Ölkəmiz bir sıra mühüm strateji layihələrin təşəbbüskarı, icraçısı və söz sahibidir. Cənubi Qafqazda bütün növ nəqliyyat sahələri üzrə paytaxtdır, mərkəzdir. Belə ki, bu sferada zəngin infrastruktura sahibdir. Neft ölkəsidir, eyni zamanda, qeyri-enerji sektorunun inkişaf etdirilməsi və buradan yüksək məbləğdə qazanc əldə etmək üçün böyük potensiala malikdir. Odur ki, ölkəmizə böyük investisiya marağı var”.
Ekspert bildirib ki, Prezident İlham Əliyevin bu forumda iştirakı həmin maraqların düzgün qiymətləndirilməsinə, seçilməsinə və istiqamətləndirilməsinə imkan verir:
“Eyni zamanda, dövlət başçısı beynəlxalq maliyyə, iqtisadi və reytinq qurumlarının, həmçinin, iri və məşhur şirkət və bank nümayəndələri, siyasi elita təmsilçiləri ilə keçirdiyi görüşlərdə Azərbaycanda görülən işlər, mövcud iqtisadi durumu nəzərə çatdırır, əməkdaşlıq imkanları, istiqamətləri və perspektivləri müzakirə və müəyyən edilir”.
P.Heydərov qeyd edib ki, bu dəfəki Davos Forumunun Azərbaycan üçün əhəmiyyəti həm də burada Avrasiya regionu ilə bağlı məsələlərə baxılması, region ölkələrinin inkişaf imkanlarının, potensiallarının, hazırkı vəziyyətlərinin nəzərdən keçirilərək qiymətləndirilməsidir:
“Azərbaycan Avropa və Asiya arasında mühüm coğrafi məkanda yerləşir, əhəmiyyətli körpü rolunu oynayır. Bu amil dünyanın, o cümlədən regionun inkişaf etmiş ölkələrinin, transmilli şirkətlərinin diqqətini cəlb etməkdədir.
Azərbaycan reallaşdırdığı nəhəng iqtisadi layihələr vasitəsilə Avrasiya regionu üçün mərkəzə çevrilməkdədir. Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirak etməsi həm də ona görə mühüm əhəmiyyət daşıyır ki, müzakirə olunan mövzu bilavasitə Avrasiya məkanı ilə bağlıdır. Mövcud reallıqda Avrasiyanın inkişafı Azərbaycansız mümkün deyil. Azərbaycan enerji, nəqliyyat sarıdan Avrasiya regionunun paytaxtına çevrilib”.
1news.az