2019-cu il ərzində Bakı Limanında konteyner və təkərli texnikanın aşırılmasında rekord göstəricilər qeydə alınıb – FOTO
2019-cu il ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) yükaşırmanın həcmi 2018-ci ilə (3787,8 min ton) nisbətdə 7,2% artaraq 4061.6 min ton olub. Ümumi yükaşırmanın əsas hissəsi, yəni 84,8%-i (3 444.2 min ton) ənənəvi olaraq tranzit yüklərin payına düşüb.
Qeyd edək ki, 2019-cu ildə Bakı Limanında konteynerlərin və təkərli nəqliyyat vasitələrinin aşırılmasında son 28 ilin ən yüksək göstəricisi qeydə alınıb. Belə ki, qeyd olunan dövrdə 35 152 TEU konteyner aşırılıb ki, bu da öz növbəsində keçən illə müqayisədə 53,6% artım deməkdir (2018-ci ildə isə bu rəqəm 22 887 TEU təşkil edib). Çin Xalq Respublikasından gələn konteynerlərin sayı 111% artaraq 5369 TEU olub (2018-ci ildə 2547 TEU olmuşdur). Qeyd olunan dövr ərzində, “TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (Orta Dəhliz) çərçivəsində konteyner yüklərinin daşınmasında ciddi artımın səbəbi 2019-cu ilin aprel ayından konteyner daşıyan 2 ədəd, “Türkestan” və “Beket Ata” gəmilərinin Qazaxıstan-Azərbaycan marşrutu üzrə işləməyə başlamasıdır.
TIR-lar da daxil olmaqla, təkərli texnikanın aşırılmasında 2018-ci ilə nisbətən 57,3% artım qeydə alınıb və 33 671 təkərli texnika aşırılıb. Bunlardan 24 970 ədədi (74,2%) Bakı-Türkmənbaşı-Bakı, 8701 ədədi isə (25,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Təkərli texnikanın nəzərə çarpacaq dərəcədə artımı əsasən Türkiyə, Ukrayna və Türkmənistan TIR-larının marşrut üzrə istifadə intensivliyinin artımı ilə bağlıdır.
2019-cu ildə Bərə terminalında vaqon aşırılması 2018-ci ilə nisbətən 2,7% artaraq 44 175 ədədə çatıb (keçən il bu say 42 999 ədəd olub). Bunlardan 20 331 vaqon (46,0%) Bakı-Kurık-Bakı istiqamətində, 23 802 (53.9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 42 vaqon (0,1%) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.
2019-cu ildə Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 46 265 nəfər olub.
Reklam hüququnda