“Yenitikiliyə artırma”: Sakinlər inşaatçını özbaşınalıqda ittiham edir – FOTOFAKT

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.Süleymanov küçəsinin sakinləri tikinti özbaşnalığı ilə qarşılaşıblar.
Bu küçənin 4094-cü məhhələsində (ASAN xidmət yaxınlığında) yaşayan bir neçə evin sakini 1news.az redaksiyasına müraciət edərək artıq bir neçə ildir ki, adının insanlardan hər vəchlə gizli saxlanıldığı tikinti şirkətinin fəaliyyətindən əziyyət çəkdiklərini bildiriblər:
“2015-2016-cı ildən evimizdən təxminən 40 metr aralıda yaşayış binasının tikintisinə başlanılıb. İnşaatçı Elmirə bildirdik ki, evimizə bu qədər yaxınlıqda binanın ucaldılması təhlükəlidir. O, isə cavabında narahatlığa heç bir əsas olmadığını, ailəsi üçün kiçik ev tikdiyini söyləyib. Bu, yalandır. O, yeddi mərtəbəli bina tikib. Bina digər evlərin həyətində yerləşir, hətta maşın üçün yolu və daxili həyəti də yoxdur.
Sakinlər şikayət etsə də, bunun heç bir nəticəsi olmayıb. Sahibkar dəfələrlə bu torpaq sahəsinin alındığını və o da orada istədiyini edəcəyini bəyan edib. Yeddi mərtəbəli binanı tikdikdən sonra inşaatçı bununla sakitləşməyib, qonşuluqdakı şəxsi mülkü də alaraq yenitikili 7 mərtəbli binaya artırma edib.






Bu artırmanın ayrıca fundamenti var və armatur vasitəsilə yenitikiliyə birləşdirilib. Tikintidə bu hal ümumiyyətlə qəbulolunmazdır! Bütün tikinti qaydalara riayət olunmadan, tikinti texnologiyası və təhlükəsizliyi pozularaq icra edilir. Əllərində heç bir möhür olmadan çertyoj vərəqi ilə gəzirlər. Bu vərəq əsasında tikinti aparılır.
Yenitikili digər evlərə o qədər yaxındır ki, sakinlər hər gün burada bədbəxt hadisənin olacağını gözləyirlər. Tikinti avadanlığı şəxsi evlərin qapısını kəsir, insanlar küçəyə çıxa bilmir, maşınlar qarajda qalır. Sakinlər dəfələrlə aiddiyyatı qurumlara, tikintiyə məsul olan strukturlara, yerli idarə orqanlarına da şikayət ediblər. Sabunçu rayon İcra Hakimiyyəti vəziyyətdən xəbərdar olsa da, məsələyə diqqət yetirmir.
Fövqəladə Hallar Nazirliyinin Qaynar Xətti zəngə cavab olaraq gəlib yoxlayıblar. Tikinti bir neçə günlüyünə təxirə salınıb, daha sonra yenidən başlayıb. Onlar FHN çağıranlara söyləyiblər ki, şirkətin lazımi sənədləri var. Sakinlərin bina ilə bağlı narahatlıqlarına, ilk zəlzələdən uçub başlarına düşəcəkləri ilə bağlı şikayətlərinə tikinti aparanlar sənəd üzrə hər şeyin qaydasında olduğunu bildiriblər...
Bu şirkətə tikinti üçün necə icazə verilib? Sabunçu rayon İcra Hakimiyyəti hara baxır? Gərək kimsə bədbəxt hadisə zamanı ölsün, şikəst qalsın ki, tikintinin norma və qaydalarına riayət edən qurumlar öz işlərini görsün? Hələ ki, bu tikintini dayandıraraq faciənin qarşısını almaq olar. Xahiş edirik rayon məmurlarının diqqətini bu qanunsuz tikiliyə cəlb etməyə bizə köməklik edəsiniz”.
Tikintinin bütün şərtlərini başa düşmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik və 1news.az-ın müraciətinə tez zamanda cavab aldıq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətini rəhbəri Ramiz İdrisoğlu 1news.az-a bildirib ki, fakt üzrə araşdırmalara başlanılıb:
“Tikinti dayandırılıb”.
1news.az məsələ ilə bağlı vəziyyətin inkişafını izləyəcək.
Tərcümə: S.Xankişiyeva