REAL TV 3 əməkdaşının işdən çıxarılmasına aydınlıq gətirdi

Real TV-nin əməkdaşları Afət Telmanqızı, Ləman Əliəşrəfqızı və İlqar Mikayıloğlu işdən çıxarılıb.
1news.az Yenisabah.az-a istinadən xəbər verir ki, buna səbəb onların sosial şəbəkələrdə 9 fevral seçkilərində baş verən qanun pozuntuları barədə paylaşımlar etməsidir.
Afət Telmanqızı saytımıza açıqlamasında bildirib ki, rəhbərlik onların qarşısında şərt qoyub: Ya yazdıqlarınızı silin, ya da işdən çıxın.
“Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstün tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışdıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu həm də jurnalist kimi bizim borcumuzdur”, - deyə Afət Telmanqızı bildirib.
REAL TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Kanalın məlumatda bildirilir ki, KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə, REAL TV-nin bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayılır.
Bununla əlaqədar bildirilib ki, Milli Məclisə seçkilərə qatıldıqlarına görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, REAL TV-nin əməkdaşları Afət Məhərrəmova və Ləman İsmayılova ilə xidməti müqavilə uzadılmayıb:
“Seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb”.
Bunları nəzərə alaraq REAL TV KİV-lərdə və sosial şəbəkələrdə əsassız iddialara son qoyulmasını, həqiqətə uyğun olmayan mülahizələr yayılmamasını xahiş edir.
L.Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.
1news.az