Ölümə səbəb olan tibb işçisinə hansı cəza verilir? – Agentlik sədri açıqladı

"Tibb müəssisəsində baş verən ölüm faktı dərhal aidiyyəti qurum tərəfindən araşdırmaya götürülür. Ölümdə həkim səhlənkarlığı ilə bağlı məqam varsa, xəstəxananın səlahiyyəti ondan ibarətdir ki, həmin tibb işçisinə töhmət versin”.
1news.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Eliyev keçirilən mətbuat konfransında deyib.
Z.Əliyev bildirib ki, tibb işçisinə verilən töhmət qeydə alınan ölüm faktının ağırlığı dərəcəsindən asılıdır. “Bu halda həmin şəxs tutduğu vəzifədən uzaqlaşdırıla bilər. Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilir. Artıq məhkəmə, tibbi ekspertiza, Səhiyyə Nazirliyinin komissiyaları məsələyə müdaxilə edir. Aparılan araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir. Hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir. Ola bilər ki, nəticədən asılı olaraq tibbi personal və həkim müəyyən cəza və ya müəyyən məbləğdə cərimə ödəmə məsuliyyətinə cəlb olunsun".
Z. Əliyev deyib ki, Agentliyin işi bu kimi hadisələrin düzgün araşdırılması üçün zəruri faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdir: "Elə hadisələr olub ki, ölüm faktında həkim və tibbi personalın günahı sübuta yetirilir və onlar tutduqları vəzifədən kənarlaşdırılırlar".