Si Cinpin Prezident İlham Əliyevə təşəkkür edib
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident. Yeni tip koronavirusun səbəb olduğu epidemiya ilə əlaqədar başsağlığı məktubuna, habelə Çin hökumətinin bu epidemiyaya qarşı mübarizədə gördüyü müxtəlif tədbirlərin yüksək qiymətləndirilməsinə görə Sizə səmimi minnətdarlığımı bildirməyi özümə şərəf hesab edirəm.
İndiki məqamda Çin xalqının epidemiyaya qarşı mübarizəsi davam edir. Çin tərəfi bu xəstəlik üzərində qələbə çalacağına əmindir və buna qadirdir. Biz beynəlxalq birliklə birgə səylər göstərməyə və qlobal ictimai səhiyyə işinə yeni töhfə verməyə hazırıq.
Sizinlə ötən ilin aprelində baş tutan görüşümüzün təəssüratları hələ də xatirimdədir. İkitərəfli münasibətlərimizin inkişafına dair tərtib etdiyimiz planlar reallaşdırılır və onların dinamik inkişafının müsbət meyli müşahidə olunur. Mən cari ildə də Çin-Azərbaycan münasibətlərinin yeni pilləyə yüksəlməsi üçün Sizinlə sıx əlaqə saxlayacağam.
Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm”.
1news.az