Bakı metrosunun 3 stansiyasının fəaliyyəti bərpa edilib – YENİLƏNİB

"Elektrik enerjisinin dayanıqlığı təmin olunduğu üçün Metropolitenin 3 stansiyasının ("Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu") fəaliyyəti bərpa edilib".
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
16:59
"Saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xətlərində gərginliyin verilməsində qısamüddətli problem yaranıb".
1news.az-ın xəbərinə görə, “Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli bildirib ki, 3 stansiya istisna olunmaqla ("Xalqlar dostluğu-Həzi Aslanov" sahəsi), bütün xətlərdə hərəkət bərpa olunub.
"Qatarlar "Neftçilər" stansiyasına qədər hərəkət edir. Qeyd edilən sahədə dizel-generatorlar qoşulmaqla, qatarlar stansiyalara verilib və sərnişinlər təxliyə olunub" -deyə Bəxtiyar Məmmədov fikirlərinə əlavə edib.
***
Saat 16:40
Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəbindən metroda qatarlar tuneldə qalıb.
“Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli 1news.az-a bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:
“Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq.
İlkin məlumata görə, problem “Koroğlu” stansiyasından üzü “Həzi Aslanov” istiqamətinə hərəkət edən qatarlarda yaranıb.
Təxliyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır. İctimaiyyətə əlavə məlumat veriləcək”.
Qafar Ağayev