Qazaxıstanın Kazinform agentliyi AZƏRTAC-ın 100 illik yubileyi ilə bağlı məqalə yayıb

Qazaxıstanın milli xəbər agentliyi Kazinform AZƏRTAC-ın 100 illik yubileyinə həsr olunmuş məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin tarixi, keçdiyi çətin və şərəfli yoldan bəhs edilir.
Qeyd olunur ki, AZƏRTAC respublikanın yerli və xarici KİV-ləri üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir. AZƏRTAC siyasət, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və sair sahələr üzrə dəqiq və operativ informasiyalar yayır.
AZƏRTAC-ın Kazinform da daxil olmaqla 50-yə yaxın informasiya agentliyi ilə əməkdaşlıq haqqında saziş imzaladığı, dünyanın 20-dən çox ölkəsində müxbir məntəqələrinə malik olduğu vurğulanır.
Məqalədə Kazinform informasiya agentliyinin kollektivinin AZƏRTAC-ın bütün kollektivini 100 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik etdiyi və uğurlar arzuladığı qeyd olunur.
S.Xankişiyeva