Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləğini açıqlayıb.
1news.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fonda cari il mart ayının 2-dək 108.221.167,74 AZN, 213.577,88 ABŞ dolları, 17.566,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli sərəncamı ilə yaradılıb.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını, onun maddi-texniki bazasının möhkəmləndirilməsini, hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək, həmçinin zəruri sosial tədbirləri maliyyələşdirməkdir.
Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri ilə Müdafiə Nazirliyinin saytında tanış ola bilərsiniz.
1news.az