Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Təhsil Nazirliyi valideynlərə müraciət edib.
Trend-in Təhsil Nazirliyinin "Teleqram" kanalına istinadən verdiyi məlumatına görə, martın 3-dən 9-dək təhsil müəssisələrində tədrisin dayandırılmasına səbəb koronavirus infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində intensiv tibbi-profilaktik tədbirlərin görülməsidir:
"Bununla əlaqədar qeyd olunan müddətdə aşağıdakı TÖVSİYƏLƏRİ nəzərə almağınız sizdən xahiş olunur:
- Ev şəraitində əsas profilaktik tədbirlərə ciddi riayət edin (sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasda olmayın, hərarətiniz olarsa və ya tənəffüs zamanı çətinlik çəkərsinizsə, dərhal həkimə müraciət edin);
- Övladlarınızı insanların toplaşdığı qapalı məkanlara (ticarət və əyləncə mərkəzləri, şənlik, mərasimlər və s.), hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə aparmayın.
- Övladlarınıza keçirilmiş dərsləri təkrar etməyə və tapşırıqlar yerinə yetirməyə şərait yaradın. Bu məqsədlə Təhsil Nazirliyinin müxtəlif elektron resurslarından istifadə edə bilərsiniz (e-derslik.edu.az, e-resurs.edu.az, trims.edu.az, video.edu.az və s.).
- Məsələ ilə bağlı Təhsil Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarını mütəmadi olaraq izləyin".
Xatırladaq ki, tədris fasiləsindən sonra ilk dərs günü martın 10-u müəyyən edilib.
S.Xankişiyeva
443