“Buta Airways”dan sərnişinlərə ŞAD XƏBƏR: əl yükünün daşınması qaydalarına dəyişiklik edildi
Sərnişinlərin çoxsaylı xahişlərini nəzərə alaraq və göstərilən xidmətlərin səviyyəsini artırmaq məqsədilə Azərbaycanın aşağıbüdcəli "Buta Airways" aviaşirkəti 12 mart tarixindən etibarən aviaşirkətin reysləri ilə əl yükünün daşınması qaydalarında dəyişiklik edir.
Şirkətdən 1news.az-a verilən məlumata görə, aviadaşımalara dair yeni qaydalara əsasən hər sərnişin hava gəmisinin göyərtəsinə əlavə ödənişsiz əşya qismində üç ölçünün cəmi üzrə ölçüləri 75 santimetrdən (30x35x10sm) artıq olmamaq şərtilə, istənilən tipdə (idman çantası, bel çantası və s.) əl yükü götürə bilər. Əl yükünün çəkisi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb.
Əl yükünün yeni qaydalara uyğunluğunu yoxlamaq üçün bütün uçuş hava limanlarında “Buta Airways” aviaşirkətinin qeydiyyat masalarının yanında xüsusi “trafaret” – baqajın ölçülərini yoxlamaq üçün metal konstruksiya quraşdırılıb.
Qeyd edək ki, əvvəllər əlavə ödənişsiz əl yükü kimi yalnız qadın əl çantası və ya kişi portfeli qəbul olunurdu.
Aviaşirkətin qaydalarına əsasən, əlavə olaraq hava gəmisinin salonunda aşağıdakı əşyaların daşınmasına icazə verilir:
- Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
- Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
- Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır).
- Fiziki imkanları məhdud olan Sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuq ağacları və ya əsa.
- Çətir və həmçinin uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.
- Qeydiyyat masasında 25 avro ödəməklə ölçüləri 110 santimetrə (55x35x20 sm) qədər olan əl yükünün hava gəmisinin salonuna götürülməsinə icazə verilir.
Çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə baqaja görə ödəniş 25 avro təşkil edir. Baqaja görə uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin saytında və rəsmi satış kassalarında ödəniş edildikdə bu məbləğ 20 avro təşkil edir.
Minimal "BÜDCƏ" tarifi ilə alınan aviabiletlər qeydiyyatdan keçən baqajın və ya əl yükünün pulsuz daşınmasını nəzərdə tutmur.
“STANDART” tarifi qeydiyyatdan keçən baqajın 10 kiloqramdan artıq olmaması və üç ölçünün cəmi üzrə 158 santimetrdən böyük olmaması şərtilə daşınmasına icazə verir. Əl yükü ödəniş müqabilində təklif edilir.
“SUPER” tarifi ilə əldə edilmiş aviabiletlərə baqajın (23 kiloqramadək) və əl yükünün (10 kiloqramadək) ödənişsiz daşınması artıq daxil edilib.
S.Xankişiyeva