Ər şiddətinin qurbanı olan Günayı ət maşını ilə döyüb öldürüb, sonra asıblar – FOTO

Uşaqların və əsəbi zəif olanların fotolara baxması tövsiyə olunmur.
“Bu barədə bir neçə dəfə yerli polis şöbəsinə ərizə yazmışam, nazirliyin 102 xidmətinə zəng etmişəm. Amma qızım ölmədən əvvəl polis bu şikayətlərlə bağlı heç bir addım atmadı, bizimlə maraqlanmadı”.
1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, bu barədə bir neçə gün əvvəl intihar etdiyi bildirilən 4 uşaq anası, 29 yaşlı Günay Şəmilovanın atası Sahib Quliyev bildirib ki, qızına əri Etibar Şəmilov, qayınatası Mətləb Şəmilov və qayınanası Sədaqət Şəmilova dəfələrlə işgəncə verərək döyüblər.
S.Quliyev iddia edib ki, istintaq da düzgün aparılmır: “Mənim qızım intihar etməyib. Onu səhər tezdən əri, qayınatası və qayınanası dəmir turba və ət maşını ilə döyüblər, saçından tutub yerdə sürüyüblər. Bədənindəki izlər də sürüyəndə yaranıb. Günayı səhər saatlarında döyə-döyə öldürüblər, axşamüstü isə özləri asıb sonra bizə deyiblər. Mənə zəng edən kimi onlara getdim, amma qızımın bədəni buz kimi idi, çox soyuq idi. Təzəlikcə ölən adamın bədəni elə soyuq olmur, onu çoxdan öldürmüşdülər. Heç bir ana 7 aylıq uşağını yerə qoyub özünü asmaz. Mən onu ermənilərin içindən xilas edib qucağımda gətirdim, amma burada onu ermənilərin edə biləcəyindən də pis vəziyyətə saldılar. Ekspertizada gördüm ki, qızımın bədəninin hər yeri xəsarət idi. Səhəri gün rayon prokurorunun qəbuluna getdim, o məni təhqir edib dedi ki, “qızını sən özün bu vəziyyətə qoymusan”. Xahiş edirəm bu məsələ hüquq-mühafizə orqanları rəhbərliyinin nəzarətinə götürülsün, ciddi araşdırılsın və ədalətli qərar verilsin”.
Qeyd edək ki, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. G.Şəmilovanın əri Etibar Şəmilov bu maddə ilə ittiham edilərək məhkəmənin qərarı ilə həbs edilib. Lakin qızın ailəsi onun qəsdən adam öldürmə maddəsi ilə ittiham edilməsini tələb edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, G. Şəmilovanın ailəsi onun döyülməsi ilə bağlı hələ 2019-cu il dekabrın 20-də Ağcabədi rayon polis şöbəsinə müraciət edib: “Təhqiqat bölməsində araşdırma aparılıb. Dekabrın 27-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tərəflər arasında barışıq əldə olunub”.
Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Günay Şəmilovanın 2010-cu ildən rəsmi nikah münasibətinə girib evləndiyi Etibar Şəmilov tərəfindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı mütəmadi olaraq döyülüb, amansız rəftar edilməklə ləyaqətinin alçaldılması nəticəsində özünü öldürmə dərəcəsinə çatdırılaraq intihar etməsinə əsaslı şübhələr müəyyənləşib.
Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Daha bir qadın ər şiddətinin qurbanı oldu
Ərinin bıçaq zərbələrindən Dilarə Zeynalova iflic olub – FOTO – VİDEO
Zorlama ilə başlayan faciə: Masallıdakı dəhşətli qətl hadisəsinin TƏFƏRRÜATI
İntihar edən iki uşaq anasının məktubu ürək dağladı: “Haqqımı halal etmirəm” – FOTO
S.Xankişiyeva