Koronavirusla əlaqədar “AZAL-Miles” iştirakçılarının bonus xallarının etibarlılıq müddəti uzadılacaq
COVID-19 koronovirus infeksiyasının sürətlə yayılması və əksər istiqamətlər üzrə uçuşların məhdudlaşdırılması ilə bağlı yaranmış gözlənilməz vəziyyəti nəzərə alaraq, “Azərbaycan Hava Yolları” QSC (AZAL) “AZAL-Miles” proqramının iştirakçılarına bonus ballarının etibarlılıq müddətini ən azı bu ilin sonunadək uzadacaq.
1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, ballarının etibarlılıq müddəti bu il bitməli olan proqram iştirakçıları 2021-ci ilin yanvarın 1-dək ballardan istifadə edə biləcəklər. Bu qayda həm aviabiletlərə dəyişdirilə bilən səyahət ballarına, həm də “Gold” və “Platinum” elit səviyyələrinin status ballarına şamil olunur.
Müvafiq bildiriş bütün proqram iştirakçılarına fərdi olaraq elektron poçt vasitəsilə göndəriləcək..
Qeyd edək ki, "AZAL-Miles" AZAL-ın tez-tez uçan sərnişinləri üçün nəzərdə tutulmuş proqramdır. İştirakçılar AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən uçuşlar üçün ballar toplaya və sonra onları AZAL-ın mükafatlandırıcı aviabiletlərinə dəyişə və yaxud xidmət sinfinin yüksəldilməsi üçün istifadə edə bilərlər. Yetərli sayda status balları topladıqdan sonra “Gold” və “Platinum” statusuna sahib olan iştirakçılar hava limanının biznes zal xidmətinə giriş, əlavə baqaj və s. kimi üstünlüklərdən faydalana bilərlər.
S.Xankişiyeva