Azərbaycanda yeni dollar istiqrazlarının buraxılmasına TƏLƏBAT VAR
Son dövrlər koronavirus təhlükəsi və onunla bağlı mübarizə tədbirləri gündəmi dəyişsə də, Azərbaycanın maliyyə sektorunda bir neçə həftə başlayan proseslər davam edir.
Dünya bazarında neftin kəskin ucuzlaşması (26-27 dollar ətrafındadır) Azərbaycanda dollara tələbatın artmasına səbəb olub. Hökumət üzvlərinin mütəmadi bayanatlarına baxmayaraq əhalinin bir hissəsi öz yatırımlarını və əldə olan pulları dollara keçirir.
Hökumət manatın məzənnəsini qoruyacağını və əhaliyə istənilən qədər dollar satılacağını elan edib. Başqa sözlə, manatı dollara çevirməklə bağlı problem olmayacaq. Problem – dollara çevrilən pulların iqtisadiyyat üçün itirilməsidir.
Məsələ bundadır ki, dollara çevrilən pulların bir hissəsi banklardan da çıxarılaraq evdə «yastıq altında» saxlanılır. Banklarda qalsa belə, onların öz sahiblərinə və banklara faydası yoxdur. Çünki həm dollarda əmanət faizləri olduqca aşağıdır (illik 0%-2,5%), həm də dollarla kredit götürmək istəyən demək olar ki, yoxdur. Yəni iqtisadiyyat bu pulları faktiki olaraq itirir.
Bu vəziyyət ölkənin maliyyə bazarına yeni dollar alətlərinin, o cümlədən, dollar istiqrazlarının buraxılmasını tələb edir.
Xatırladaq ki, Azərbaycanda dollarla real işləyən istiqrazlar sonuncu dəfə 4 il əvvəl buraxılıb. 2016-cı ildə SOCAR qiymətli kağızlar bazarına özünün yeni məhsulunu – SOCAR istiqrazlarını təqdim etmişdi.
Həmin vaxt da ölkənin maliyyə bazarında təqribən indikinə bənzər vəziyyət yaranmışdı. Yenicə baş vermiş devalvasiyalardan sonra əhalinin manata inamı zəifləmiş və insanlar öz yığımlarını sürətlə dollara keçirirdilər. Manatda olan əmanətlər geri çəkilərək, dollar alınmasına sərf olunurdu, ölkədə «dollarlaşma» prosesi gedirdi.
SOCAR istiqrazlarının məhz belə bir vaxtda buraxılması yerinə düşdü – həmin dövrdə banklara da etimadı sarsılmışdı, bəziləri hətta dollara çevrilən vəsaitləri də banklara etibar etmirdi.
Bazarda pulu yatırmaq üçün gəlirli və etibarlı maliyyə alətləri olmadığına görə, dollara çevrilən pullar evdə yığım kimi saxlanılır, yəni yenidən yatırım kimi istifadə edilmirdi.
Belə vəziyyətdə dollarda illik 5% gəlir təklif edən SOCAR istiqrazları investorlar üçün göydəndüşmə oldu - indiyədək ölkədə belə yüksək gəlirli və likvid alət buraxılmamışdı. Təsadüfi deyil ki, 100 milyon dollarlıq həcmdə buraxılan istiqrazlara tələbat ikiqat artıq olaraq 200 milyon dolları ötdü.
Həmin dövrdə ölkə vətəndaşları öz pullarının təxminən 80%-ni dollara çevirib, «yastıq altında» saxlayırdılar. Dollar istiqrazının buraxılması imkan verdi ki, bu pullar həm sahiblərinə, həm də iqtisadiyyata fayda gətirsin.
Təsadüfi deyil ki, SOCAR istiqrazları ilə təkrar bazarda əməliyyatları istiqrazların öz həcmini iki dəfə üstələyib, indiyədək bu kağızlarla 190 milyon dollardan artıq əməliyyat aparılıb.
İndi isə Azərbaycanda dollara tələbat yeniən artıb. Neftin ucuzlaşması nəticəsində əhali və bəzi investorlar vəsaitlərini dollara çeviririlər. İlin əvvəlindən indiyədək keçirilən valyuta hərraclarında banklara 2 milyard dollardan artıq xarici valyutanın satılması tələbatın necə yüksək olduğunu göstərir.
Pullarını dollara çevirənlər onu 5 il əvvəl olduğu kimi, yenə də ya banklarda, ya da evdə – «yastıq altında» saxlamağa üstünlük verirlər.
Belə vəziyyətdə yenidən SOCAR istiqrazları gündəmə gəlib, dollarla yanaşı, istiqrazlara da tələbat artıb və onun qiyməti rekord həddə çatıb. Nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazı təkrar bazarda indi rekord qiymətə – 1 050 dollara satılır, hətta bu qiymətə də istiqraz tapmaq asan deyil.
Bütün bunların fonunda SOCAR tərəfindən yeni dollar istiqrazının buraxılmasına ciddi ehtiyac yaranıb. Çünki bazarda dollara tələbat istiqazların 100 milyon dollarlıq həcmini xeyli üstələyir.
Digər tərəfdən, indiki SOCAR istiqrazlarının müddətinin başa çatmasına da çox vaxt qalmayıb. Vaxtilə 5 illiyə (2016-dan 2021- ilin sentyabrınadək) buraxılan istiqrazların artıq 3,5 ili başa çatıb. Nəticədə istiqrazı alan investor onu yalnız 1,5 il istifadə edə biləcək və həmin müddətdən sonra pulu yatırmaq üçün yeni alət axtarmalı olacaqlar.
Ümumiyyətlə, ölkə daxilində istiqrazlara böyük maraq olduğundan, gözləmək olardı ki, SOCAR-ın istiqraz prosesi davamlı olacaq. Amma Neft Şirkəti nədənsə bu prosesə maraq göstərməyib. Halbuki yerli investorlara və vətəndaşlara böyük fayda gətirən istiqrazlar indiyədək bir neçə dəfə yenilənməli idi. SOCAR-ın bu qədər faydalı və investorlpr tərəfindən bu qədər rəğbət görmüş istiqrazlarını buracmaqda niyə belə gecikdiyi başa düşülən deyil.
Məsələnin başqa, daha müşüm tərəfi də var: dollara çevrilərək banklardan çıxarılan dollar kütləsi yenə də kənarda passiv şəkildə saxlanılır. Bu pulların iqtisadiyyata fayda gətirməsi bir tərəfə, onlar «kölgə iqtisadiyyatı»nın bir hissəsinə çevrilir. Belə vəziyyətdə hökumət yeni dollar alətləri ilə həmin vəsaitləri «ağartma»ğa çalışmalıdır.
Ona görə də, SOCAR-ın yeni dollar istiqrazları buraxmasının vacibliyi indi daha çox hiss olunur. Əvvəla, şirkət bu üsulla hazırda neftin qiymətinin aşağı olduğu bir vaxtda lazım olan valyuta cəlb edə bilər. Digər tərəfdən, xaricə ödənilən istiqraz faizlərini ölkə daxilinə - yerli vətəndaşlara və investorlara yönəltmək mümkündür.
Bazardakı dollara tələbatı nəzərə aldıqda, Neft Şirkətinin bu məsələdə böyük vaxt itirdiyini – gecikdiyini də söyləmək olar.
1news.az