Heyran Mirzəzadə Qobustandakı karantin barədə: “Tibb işçilərinin diqqətini və isti münasibətini hiss etdik” - FOTO

Müəyyən səbəblərə görə koronavirusun yayılmağa başladığı ölkələrdə olan bir çox həmvətənimiz sağlamlığını riskə atmamaq üçün evlərinə qayıtmaq qərarına gəldi.
Heyran Mirzəzadə Romada La Sapienza Universitetində oxuyub. İtaliyadakı vəziyyət daha da pisləşəndən Bakıya bilet aldı və vətənə qayıtdıqdan sonra Facebook-da statusunda yazdığı kimi Qobustan xəstəxanasında iki həftəlik karantində qaldı.
Heyran 1news.az-a müsahibəsində koronavirusla bağlı vəziyyətin İtaliyada necə inkişaf etdiyini xatırladı və qaldığı xəstəxanadakı karantin şərtlərindən və həkimlərin onlara qarşı münasibətindən danışdı:
“Əvvəlcə koronavirus yalnız Lombardiya bölgəsində yayıldı, ancaq biz virusun yayıldığı mərkəzdən çox uzaq olan Latsio bölgəsində idik. Tədqiqatlarımızı davam etdirməklə yanaşı artıq bəzi ehtiyat tədbirləri görmüşdük. Küçəyə az hallarda, yalnız zərurət yarananda - məsələn, supermarketə və universitetə gedəndə çıxırdıq. Nəqliyyatdan istifadə etməyi dayandırdıq və evdən çıxarkən maskalar, əlcəklər taxmağa və əllərimizi tez-tez dezinfeksiya etməyə çalışırdıq. Tədricən vəziyyət pisləşirdi. Lakin italiyalılar belə şəraitdə də öz pozitiv əhval-ruhiyyələrini qoruyub saxlayırdılar”.






Heyranın sözlərinə görə, ölkədəki vəziyyət sürətlə dəyişirdi və onlar, tələbələr, hər gün, bəzən hətta hər saatda Baş nazirin televiziya çıxışlarını izləyirdilər. O dövrdə bütün Lombardiya bölgəsi rəsmi olaraq qırmızı zonaya çevrildi, bir neçə gün sonra isə bütün İtaliya qırmızı zona elan edildi. Bu barədə televiziyada xəbər verildikdən sonra Heyran və rəfiqəsi Bakıya ən yaxın uçuş üçün bilet aldılar. Risk götürmək və İtaliyada qalmaq, bununla da ailəsini narahat etmək istəmirdi. Beləliklə, axşam bilet aldılar və artıq səhər tezdən hava limanına getdilər:
“Romanın hava limanında hər şey sakit idi. Temperaturumuzu ölçdülər və biz təyyarəyə minərək Kiyevə uçduq. Bakıya uçarkən stüardessa əvvəlcə İtaliyadan gələnlərin təyyarəni tərk etməli olduqlarını elan etdi. Bakıda bizi hava limanının əməkdaşları xüsusi geyimdə qarşıladılar, bizə blankları doldurmağı tapşırdılar və pasportlarımızı götürdülər. Sonra şəklimizi çəkib temperaturumuzu ölçdülər, bir siyahı tərtib etdilər və təcili yardım işçilərini gözləməyimizi söylədilər. Bütün bu prosedurlardan sonra stress keçirməyə başladıq və sonra təcili yardım maşını gəldi və Qobustandakı rayon xəstəxanasına getdik”.
Səhər saat 5-də Qobustana gələndə həkimləri gözləməyə başladılar. 26 tələbə var idi - hamısı yorğun və ac idi. Səhər saat 8-də həkim gəldi və bütün müayinələri apardı.
“İki həftəlik karantin müddətində tibb işçilərindən çox böyük diqqət və isti münasibət gördük. Baş həkimimiz Emin Hüseyn və xəstəxananın bütün heyəti çox qayğıkeş idilər. Özümüzü evdəki kimi hiss edirdik, yaxşı qidalanırdıq, bundn əlavə etibarlı yerdə olduğumuzu və qorunduğumuzu hiss edirdik.
İki gündən sonra analizlərimizin nəticələri hazır oldu, mənfi çıxdı. Bir həftə sonra ikinci dəf analiz verdik - o da heç bir infeksiya aşkar etmədi. Bundan sonra bizi evə buraxıdılar.
İndi hər şey yaxşıdır, əminəm ki, tamamilə sağlamam, amma İtaliyada hələ də çox sayda dostum var, onların arasında azərbaycanlılar da var. Hər gün bu ölkədə vəziyyət yalnız pisləşir. Onlara görə çox narahatam. AZAL artıq Bakıya bir çarter reysi təşkil edib, lakin bir çox soydaşımız həmin reyslə gələ bilmədilər və indi ikinci çarter reysini gözləyirlər. Onlara demək istəyirəm ki, ilk növbədə təlaşa düşməsinlər və səbirli olsunlar. Əminəm ki, dövlətimiz öz vətəndaşlarına təxliyə ilə bağlı lazımi köməkliyi göstərəcək. Ancaq bu müddət ərzində evdə qalın, özünüzə və yaxınlarınıza qayğı göstərin. Gəlin birləşək və bütün dünyanı xilas edək! “
Məlumat üçün bildirək ki, 25 mart tarixində İtaliyada 69176 yoluxma hadisəsi qeydə alınıb. 6820 nəfər ölüb, 8326 nəfər tam sağalıb. İlk yoluxma halları yanvarın 31-də qeydə alınıb.
L.Məmmədova