Azərbaycan iqtisadiyyatı koronavirusdan necə qorunacaq? - TƏHLİL | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan iqtisadiyyatı koronavirusdan necə qorunacaq? - TƏHLİL

16:20 - 07 / 04 / 2020
Azərbaycan iqtisadiyyatı koronavirusdan necə qorunacaq? - TƏHLİL

Koronavirus (COVİD-19) pandemiyası həyatımızın bütün sahələrinə mənfi təsir göstərməkdə davam edir. Onun iqtisadiyyata təsiri daha böyükdür. Bundan ən çox zərər çəkənlər isə təbii ki, sahibkarlardır.

Dövlət tərəfindən koronavirisun sahibkarlara vurduğu ziyanın minimuma endirilməsi, işçilərin ixtisar olunmasının qarşısının alınması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu yaxınlarda İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş müzakirələrdə dünyada yayılmış koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorları ilə yanaşı, ictimai iaşə sahəsinə də təsir göstərdiyi bildirilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib.

Martın 31-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edən zaman da koronavirusun zərərli təsirlərinin minimuma endirilməsi, bütün sosial öhdəliklərin tam yerinə yetirilməsi, bütün sosial infrastruktur layihələrinin icrasının təmin edilməsi, sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi diqqət mərkəzində oldu.

Pandemiyanın iqtisadi və sosial fəsadlarını minimuma endirmək üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsaitin ayrıldığını xatırladan dövlət başçısı pandemiya ilə mübarizə məqsədilə dörd işçi qrupunun yaradıldığını da bildirib:

“Bu işçi qrupların əsas fəaliyyət dairəsi məşğulluq məsələlərini təhlil edib təklif verməkdir, iqtisadi sabitliyi, iqtisadi inkişafı təmin etməkdir, makroiqtisadi sabitliyi qorumaqdır və bizim maliyyə vəziyyətimizi təhlil edib ilin sonuna qədər bu sahədə də lazımi əlavə tədbirlərin görülməsindən ibarətdir. Əlbəttə ki, biz, ilk növbədə, koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini diqqət mərkəzinə aldıq. Biz, ilk növbədə, bu sahibkarlıq subyektlərində işləyən insanların maliyyə vəziyyətini nəzərə almalıyıq. Çünki indi İqtisadiyyat Nazirliyi tərəfindən mənə təqdim edilən arayışda göstərilir ki, bu vəziyyətdən hansı sahələr daha çox əziyyət çəkib və bu sahələrdə 300 mindən çox insan çalışır. Əlbəttə ki, onların maddi vəziyyəti bizi narahat edir. Biz onlara dəstək göstərməliyik. Xüsusilə nəzərə alsaq ki, mən bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış etdim ki, onlar işçiləri ixtisar etməsinlər. Bu xahiş və yaxud tələb qüvvədədir”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara, eyni zamanda sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərə maliyyə dəstəyi proqramlarının hazırlandığını diqqətə çatdırıb:

“Hər iki proqramın başlıca şərti və çərçivəsi iş yerlərinin azaldılmamasına yönəldilib. Bu proqramlar fərqli auditoriyalara - işçilərə və sahibkarlara ünvanlansa da, yanaşma olaraq birbaşa maliyyə dəstəyi təmin edir. Bu dövrdə qısamüddətli likvidliyi olmayan sahibkarlara, müəssisələrə öz fəaliyyətini davam etdirməyə, onların bir çox hallarda demək olar ki, əsas xərci olan işçilərin, muzdlu işçilərin əməkhaqqı xərcinin əhəmiyyətli hissəsinin ödənilməsi təklif olunur.

Üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramıdır. Bu, əhatəli proqramdır. Burada əhatə dairəsi, ilk növbədə, mənfi təsir altında olan sektorlara ünvanlansa da, onların bəziləri daha da genişdir”.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, hazırda dövlətin və hökumətin qarşısında birdən-birə iki olduqca vacib və mühüm məsələni həll etmək vəzifəsi durub. Birincisi, əhalinin sağlamlığının qayğısına qalmaq, ikincisi isə, iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı olmasından, həmçinin, maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından, baş verə biləcək tənəzzüldən sığortalamaq:

“Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çevik reaksiyası, hər iki vəzifəni həll etmək istiqamətində operativ fəaliyyəti və atdığı addımlar alqışlanmalıdır. Hər iki vəzifənin icrası sinxron həyata keçirilməkdədir.

Bizdə iqtisadiyyata maliyyə dəstəyi tələb olunur. Dövlət başçımızın bu mənada koronavirus pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaqla bağlı bir sıra tədbirlər haqqında imzaladığı 19 mart 2020-ci il tarixli sərəncamı çox əhəmiyyətli oldu.

Məlumdur ki, həmin sərəncamla cari ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Ölkəmizin böyük maliyyə ehtiyatları olduğundan, bundan da artıq vəsait ayırmaq mümkündür. Azərbaycanın mövcud valyuta ehtiyatları 52 milyard ABŞ dollarından çoxdur. Lakin əsas bu deyil.

Sözügedən sərəncamla yaradılan İşçi Qrupunun pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaqla bağlı hazırladığı və hökumətin həyata keçirəcəyi tədbirlər bəllidir. Bunlar hansılardır? Birincisi, özəl sektorda çalışan ümumən 640 min işçinin 304 min nəfərinin (45 faizinin) maaşları ödəniləcək, ikincisi, 290 mindən çox mikro və fərdi sahibkara maliyyə dəstəyi göstəriləcək, üçüncüsü, biznes üçün müxtəlif xarakterli vergi güzəştləri, tətilləri və imtiyazlar olacaq, dördüncüsü, vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək, beşincisi, əhalinin elektrik enerjisinin kommunal limiti 100 kvts artırılacaq, altıncısı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə yardım ediləcək, yeddincisi, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək həyata keçiriləcək və sairə...”.

Ekspertin sözlərinə görə, vacib olan vəsaitin düzgün xərclənməsidir:

“Məsələn, hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi ilə çalışan muzdlu işçi olduğu deyilir. Hansı ki, bunun 915 mini dövlət və neft, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Dövlət büdcəsindən maaş alanlar onsuz da sığortalıdır. Bizdə hüquqları ən çox tapdanan məhz özəl sektordakılardır. Böhran həmişə ilk olaraq onları vurur. Koronavirusun da iqtisadi qurbanları, əsasən, özəl sektorda çalışanlardır. Üstəlik, pandemiya ilə əlaqədar sosial izolyasiya tələbləri ilə bağlı xoşagəlməz vəziyyət yaranıb.

Məsələ bundadır ki, dövlət qoyduğu məhdudiyyət tələblərinin mənfi təsir və təzyiqlərinin qarşısından qaçmır. 304 min muzdlu işçi 44 min sahibkarlıq subyektini əhatə edir ki, onların maaşları dövlət tərəfindən ödəniləcək. Bu, həm vətəndaşlara, həm də birbaşa olaraq özəl sektora dəstəkdir. Üstəgəl, 290 mindən çox mikro və fərdi sahibkar... Bu, 600 minə yaxın fiziki şəxs deməkdir.

Başlıcası odur ki, vətəndaşlarımız kimi, iqtisadiyyatımız da bütün sektorlar üzrə pandemiyadan maksimum səviyyədə sığortalanmalı və bu böhrandan sağ-salamat çıxmalıdır”.

1news.az

 

Paylaş:
230

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər