İcbari sığorta şəhadətnaməsi olmayan sürücülərə XƏBƏRDARLIQ
Nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn şəkildə verilir. Bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə gəlməsinə ehtiyac yoxdur.
1news.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan bildiriblər. Məlumata görə, Dövlət Yol Polisi İdarəsinin COVİD 19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş icbari sığorta müqavilələrinə aid deyil. Avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq. Müvafiq qaydada cərimə tətbiq olunacaq.
Karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyətin olmadığı üçün İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır.
1news.az