Milyonlarla dollarlıq gəlir – SOCAR İstiqrazlarından növbəti faiz ödənişi
Vətəndaşlarımız və investorlar üçün alternativ yatırım imkanı təqdim edən və investisiya üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 17 aprel tarixində baş tutan sayca 14-cü faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollar gəlir qazandırdı.
Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 17 milyon 500 min dollara yüksəldi.
“SOCAR Capital” şirkətindən verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.
Təkrar bazar əməliyyatları həcminin $190 milyona çatması, bağlanmış əqd sayının 2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının $34 milyon təşkil etməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.
SOCAR İstiqrazı sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqrazları müvafiq bankda girov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Bu halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə qədər enmiş olur.
1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 iyul tarixində baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların xidmətindədir.
S.Xankişiyeva