Tayvan koronavirusa necə qalib gəlir və dünya bunu niyə bilmir? - FOTO | 1news.az | Xəbərlər
Dünya

Tayvan koronavirusa necə qalib gəlir və dünya bunu niyə bilmir? - FOTO

17:30 - 17 / 04 / 2020
Tayvan koronavirusa necə qalib gəlir və dünya bunu niyə bilmir? - FOTO

24 milyon əhalisi olan Tayvan adası materik Çindən cəmi 130 km məsafədə yerləşir və ölkələr arasında böyük bir sərnişin axını var.

Buna görə, keçən ilin sonlarında Çinin Uxan əyalətində yeni koronavirusun səbəb olduğu Covid-19 epidemiyası baş verəndə məhz Tayvan yoluxma təhlükəsinin birinci pilləsində yer aldı.

Ancaq bu demokratik respublikanın rəhbərliyi çaxnaşma yaymaq əvəzinə, vəziyyəti tez bir zamanda nəzarətə götürməyə müvəffəq oldu. Bu gün Tayvanda yalnız 395 təsdiq edilmiş yoluxma hadisəsi var, xəstələrin təxminən 30% -i artıq sağalaraq xəstəxanadan çıxdı və yalnız 6 nəfər öldü.

Müqayisə üçün, 1,4 milyard əhalisi olan Çində 83 mindən çox yoluxma hadisəsi və 3 mindən çox ölüm faktə qeydə alındı. Business Insider-in məlumatına görə, Çində adambaşına yoluxma tayvanlılardan 25 dəfə yüksəkdir.

Çoxsaylı mənbələrə görə, erkən müdaxilə, çevik idarəetmə quruluşu, vahid epidemiya nəzarəti strategiyası, bütün mövcud məlumatların təhlili və geniş ictimaiyyətin məlumatı vəziyyətin öhdəsindən gəlməyə kömək edən əsas məqamlar idi.

Foreign Policy jurnalı yazır ki, xüsusilə, 31 dekabrda - Tayvan səlahiyyətlilərinin o zaman bilinməyən yeni virus haqqında məlumat aldığı gün - Çinin Uxan şəhərindən gələn bütün sərnişinləri yoxlamağa başladılar. Heç bir çaxnaşma yaratmadan bütün tədbirlərin görülməsi qərara alındı.

Martın 19-da, xaricdən gələn qonaqlar arasında yoluxma hallarının artmasının ikinci dalğası fonunda Tayvan ölkənin sərhədlərini qeyri-sakinlər üçün bağladı. Məlumatlar Mərkəzi Epidemik Komandanlıq Mərkəzi tərəfindən mütəmadi olaraq yeniləndi.

Atlantic Council nəşrinə görə, 2003-cü ildə Tayvanın SARS-la mübarizə təcrübəsi və ölkə əhalisinin tibbi sığorta ilə demək olar ki, 100 faiz əhatə olunması pandemiya ilə mübarizədə müsbət rol oynadı (Global Health Care Index-ə görə ən yaxşı sistem).

“Kimsə Covid-19 ilə döyüşən Tayvan modelinin xüsusiyyətləri haqqında soruşsa, deyərəm ki, şəffaflıq və dürüstlük ən vacib amillərdir” deyə, Çinin Respublikasının (Tayvan) xarici işlər naziri Cozef Vu 9 apreldə koronavirus epidemiyasına qarşı mübarizənin Tayvan modelinə həsr edilmiş bir onlayn simpoziumda bildirib.

Onun sözlərinə görə, Tayvan hökuməti ÇXR tərəfindən təkcə Tayvanda deyil, digər ölkələrdə də kritik tibbi dərman alışları dalğasını görəndə, tez bir zamanda onların ixracına qadağa tətbiq edildi.

Görünməz bir düşmənlə müharibə üçün silahlanan ölkə rəhbərliyi sürətli sınaq, diaqnoz və müalicə sistemi hazırladı: ölkə daxilində sınaq üçün 160-dan çox stansiya təyin olundu. Nazirin sözlərinə görə, bu qurumlardan təsdiqlənmiş yüngül xəstəlik halları olan şəxslər 134 tibb müəssisəsindən birinə, ya da daha ağır hallar üçün 50 iri regional mərkəzdən birinə göndərilib.

“Bu sistem, xəstələri yoluxma dərəcəsinə görə tez bir zamanda təcrid etməyə, tibb işçiləri və avadanlıqları ilə balı prioritetləri müəyyən etməyə imkan verdi” deyə, nazir qeyd edib.

Fotoda: Tayvan prezidenti (mərkəz) ölkənin cənubundakı hərbi bazanı ziyarət edərkən, 9 aprel.

Atlantic Council qeyd edir ki, pandemiyaya qarşı mübarizədə müntəzəm və açıq ictimai maarifləndirmə də mühüm müsbət rol oynayıb.

Məsələn, yanvarın 23-dən başlayaraq ölkədə hər gün epidemioloji vəziyyəti izah etmək üçün mətbuat konfransı keçirildi. Yeniləmələr müvafiq dövlət qurumları, tibb müəssisələri və özəl təşkilatlardan gəldi. Geniş təbəqələrin anlaması üçün mövcud vəziyyətlə bağlı məlumatların sadə qrafik təqdimatları həyata keçirildi. Əhalinin maarifləndirilməsi üçün kütləvi informasiya vasitələrindən geniş istifadə edildi.

Dövlət və vətəndaş cəmiyyətinin birgə səyləri ilə tibbi malların paylanmasını səmərəli şəkildə idarə etmək üçün bu növ mallara tələb və təklifin tənzimlənməsinə kömək edən vahid informasiya platforması yaradıldı. Hökumət vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə bir çox onlayn xəritə hazırladı, onların sayəsində hər bir insan ölkə daxilində 6 mindən çox aptekdə qoruyucu tibbi məhsulların mövcudluğunu öyrənə bildi.

Tayvan cəmiyyətinin özünütərbiyəsi də böyük rol oynadı: insanlar hökumətin sosial məsafə və özünütəcridlə bağlı verdiyi bütün göstərişlərə ciddi əməl etdilər. Adi əllə salamlaşma, qucaqlaşma və öpüşlər tədricən alternativ jestlərlə, məsələn, başla işarə və dirsəkləri toxundurmaqla əvəz olundu. Bir çoxları könüllü olaraq ilk növbədə tibb işçilərininin və xəstələrin qoruyucu vasitələrlə təchiz edilməsini təmin etmək üçün hökumətin başlatdığı “Mən yaxşıyam, əvvəlcə sən maska ​​götür” kampaniyasına qoşuldu.

Atlantic Council-in məlumatına görə, yanlış məlumatın və saxta məlumatların yayılmasının qarşısını almaq üçün Tayvanda vəzifəsi internetdə yayımlanan qeyri-dəqiq məlumatları tapmaq olan “həqiqətləri yoxlayan bir mərkəz” açıldı. Mütəxəssislərdən ibarət qrup bir saat ərzində məlumatları yenidən yoxlayır və izləyiciləri maraqlandıran xəbərlərə aydınlıq gətirir. Bu tədbir insanlar arasında lazımsız çaxnaşma və narazılığın qarşısını almağa kömək etdi.

Tayvanda böhranların təsirindən ən çox təsirlənən cəmiyyətin ən həssas sektorlarının təhlükəsizliyini təmin etmək üçün çox səy göstərildi. Yerli hakimiyyət özlərini evdə təcrid etmək imkanı olmayanlar üçün otel otaqlarında yer verməklə özəl şirkətlərlə müvəffəqiyyətlə əməkdaşlıq etdi.

Bəzi yerli hakimiyyət orqanları yerli şirkətlərin və ayrı-ayrı insanların ianələri hesabına “Epidemiyanın qarşısının alınması fondları” yaratdılar. Yığılan vəsait ehtiyacı olanlar üçün, həmçinin epidemiyadan birbaşa təsirlənənlər üçün qoruyucu tibbi avadanlıqlar və digər zəruri mallar almaq üçün istifadə edildi.

Sürətli və vaxtında görülən tədbirlər sayəsində Tayvan Covid-19 epidemiyasının tez və asanlıqla öhdəsindən gələ bildi və aprelin ortalarında dünyanın bir çox ölkəsində vəziyyət kəskinləşdiyi bir vaxtda Tayvanda artıq həyat əvvəlki ritminə qayıdır. Epidemiya ilə mübarizədə bu ölkənin nümunəsi Yeni Zelandiya və İsrail üçün əsas götürülüb.

Fotoda: məktəbdə uşaqlarını gözləyən valideynlər, Taypey, 3 mart.

Yerli sakinin hekayəsi

Uzun müddət ailəsi ilə Paris yaxınlığında yaşamış İspaniyadan olan bir mühəndis Eduardo Maskarell qlobal pandemiyanın zirvəsində müvəqqəti olaraq Tayvana köçmək qərarına gəldi. Çünki bu, həyat yoldaşının vətənidir, həm də yeni xəstəliyin yayılmasının qarşısını almağa daha çox qadir olan ölkələrdən biridir. Burada o, fransız avtomobil şirkətində uzaqdan işləməyə davam edir.

Fotoda: Eduardo Maskarell

O, 1news.az-a müsahibəsində bu gün bu Asiya ölkəsində həyatın necə getdiyini danışdı.

“Tayvanda həyat adi ritmdə gedir. Hər şey problemsiz işləyir - məktəblər, restoranlar, biznes. Yeganə dəyişiklik beynəlxalq hava limanının hökumət tərəfindən nəzarətdə saxlanmasıdır: indi yalnız icazəsi olan nəqliyyat ora gedir, ictimai nəqliyyat hava limanına buraxılmır”- deyə, Eduardo Maskarell WhatsApp-la verdiyi müsahibəsində bildirib.

“Ölkəyə gəldikdən sonra 14 günlük karantin keçməlisiniz. Getmək üçün heç bir yeriniz yoxdursa, sizi oteldə yerləşdirirlər. Yaşayış yeriniz varsa, karanti orada keçirə bilərsiniz, ancaq mobil cihazınızdan gələn siqnal vasitəsilə hərəkətləriniz ciddi şəkildə nəzarət ediləcək”- deyə, o, əlavə edib.

Eduardo Maskarellə görə, karantin qaydalarını pozmağa görə böyük bir cərimə tətbiq olunur: otaqdan və ya mənzildən kənarda bir addım 100 min Tayvan dolları (təxminən 3 min avro), binanın xaricinə çıxdıqda isə 1 milyon Tayvan dolları (təqribən 30 min avro) cərimə nəzərdə tutur. Eyni zamanda, karantinin sonunda hər bir adam min Tayvan dolları (təxminən 30 avro) miqdarında kiçik bir pul kompensasiyası alır və artıq sərbəst şəkildə ictimai həyata inteqrasiya edə bilər.

Ölkədəki bütün dövlət, özəl və dövlət qurumlarının tam miqyasda fəaliyyət göstərməsinə baxmayaraq, Tayvanda baş verən qlobal pandemiya zamanı bəzi təhlükəsizlik qaydaları da mövcuddur. Lakin, onlar əhəmiyyətsizdir və bütün sakinlər tərəfindən anlayış və hörmətlə qəbul edilir. Məsələn, ictimai yerlərdə, nəqliyyatda qoruyucu maska ​​taxmaq lazımdır, bir çox bina və ya mağazanın girişində bədən istiliyini ölçürlər və sizdən koordinatlarınızı verməyinizi və imza atmağınızı tələb edə bilərlər.

Bundan əlavə, heç bir məhdudiyyətin olmadığını deyən Eduardo Maskarellin sözlərinə görə, yerli insanların özləri hərəkət və davranışlarında çox nizamlı və təmkinlidirlər:

“Məsələn, maska ​​taxmaq Asiyada geniş yayılıb. Bu, xüsusilə qrip və ya allergiyanız varsa gigiyena məqsədləri üçün edilir. Bu, qonşulara, həmkarlarına, sinif yoldaşlarına hörmət əlamətidir. İnsanlar risk səviyyəsini bilirlər, buna görə də xüsusilə hazırkı vəziyyətdə maska ​​taxmağın vacib olduğunu düşünürlər”.

Eduardo Maskarellin sözlərinə görə, ölkədə qoruyucu maskaların maksimal pərakəndə satış qiymətləri təyin olundu və istehsalın idarə edilməsi nəzarətə götürüldü: ölkədə gündə təxminən 13 milyon maska ​​istehsal olunur ki, bu da o deməkdir ki, iki gün ərzində ölkənin hər bir sakinini maska ilə təmin etmək mümkündür .

Aşağıdakı fotoda - aprelin ortalarında Tayvanın şəhər həyatı:

Fotolar 1news.az-a Eduardo Maskarell tərəfindən təqdim olunub

Tayvanın Covid-19 ilə mübarizədəki uğuru kölgədə qalır

Tayvanı tərkib hissəsi hesab edən Çinin fəaliyyəti səbəbiylə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tamhüquqlu üzvü olmadığından dünyanın Tayvanın Covid-19-la balı müsbət təcrübəsinə girişi çox məhduddur.

Beləliklə, Tayvan müsbət təcrübəsini bölüşə biləcəyi bir dünyada Covid-19 ilə mübarizə mövzusunda vacib beynəlxalq müzakirələrdən kənarda qalıb və bunu yalnız digər dövlətlərlə ikitərəfli əsasda etmək hüququna sahibdir. Həm də Tayvan ÜST-ə üzv olmadığından ölkə əhalisinin sağlamlığına təhlükə yaradan yeni koronavirusun yayılmasının gedişi barədə vacib məlumatları vaxtında ala bilmədi.

Bloomberg-in məlumatına görə, yanvarın 14-də ÜST Covid-19-a qarşı qlobal mübarizə tarixinə düşəcək bir bəyanat verdi. Çindən gələn məlumatlara görə, ÜST yeni koronavirusun hava damlaları vasitəsilə insandan insana keçmədiyini söylədi.

İki həftə əvvəl Tayvan səhiyyə rəsmiləri əks nəticəyə gəldilər. Üstəlik, bu barədə məlumat ÜST strukturlarına ötürüldü. Bununla belə Tayvanın xəstəliklərə nəzarət mərkəzləri cavab almadılar, bundan sonra öz istəyi ilə hərəkət etmək qərara alındı.

Honq Konqdan olan bir jurnalistin ÜST-ün baş direktor köməkçisi Brüs Eylvardla son müsahibəsi təşkilatın Tayvana qarşı qərəzliliyini bir daha təsdiqlədi. “ÜST Tayvanın təşkilata üzvlüyünə yenidən baxmağı planlaşdırırmı?” deyə soruşduqda Eylvard özünü eşitməzliyə vurdu, bir qədər sonra isə əlaqə kəsildi. İkinci zəng zamanı Eylvard qeyd edərək növbəti suala keçməyi xahiş edərək bildirdi: “Biz artıq Çin haqqında danışdıq”.

ABŞ prezidenti Donald Trump ÜST-ü tənqid edərək təşkilatı Çinə qarşı səriştəsizlikdə və həddən artıq oriyentasiyada günahlandırdı. Daha sonra ÜST tərəfindən “idarəetmə çatışmazlıqları” və təşkilatın “koronavirusun yayılmasında” rolu araşdırılması başa çatana qədər təşkilatın maliyyələşdirilməsini dayandırdı.

Beynəlxalq platforma olmadan, Tayvan cəmiyyəti hələ də Covid-19 epidemiyasına qarşı uğurlu təcrübəsini dünya ilə bölüşməyə çalışır. Bu həftə “New York Times”ın tam səhifəsində reklam məqaləsi dərc edildi. Söhbət Tayvanın koronavirus pandemiyasına qarşı mübarizədə kömək edə biləcəyini dünyaya göstərmək üçün 26 min donor tərəfindən dəstəklənən geniş miqyaslı fond yığım kampaniyasından gedir.

“Tərid zamanı biz həmrəyliyi seçirik. Siz tək deyilsiniz. Tayvan sizinlədir”- deyə, yazıda qeyd olunur.

Tərcümə: Babək Cahandarov 

Paylaş:
1152

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər