Azərbaycanda koronavirusla əlaqədar vergi güzəştləri necə həyata keçiriləcək? – ŞƏRH – VİDEO
“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası çərçivəsində qəbul edilmiş Tədbirlər Planı üzrə aparılan işlər davam etdirilir.
Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Tədbirlər Planının istiqamətlərindən biri də ölkədə pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsidir. Bu məqsədlə Vergi Məcəlləsində və bir sıra qanunvericilik aktlarında dəyişikliklərlə bağlı təklifər hazırlanıb.
1news.az-ın verdiyi xəbərə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva həmin təkliflər barədə şərh verib.
S.Musayeva bildirib ki, ölkədə pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə vergi sahəsində müvafiq təşviqlərin verilməsi nəzərdə tutulur. Bununla bağlı Vergi Məcəlləsində dəyişikliklərə dair qanun layihəsi hazırlanıb. Dəyişikliklər sahibkarlıq subyektləri, biznes icmaları və aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə geniş müzakirə edilib, biznesin tələbləri və istəkləri nəzərə alınıb və müvafiq qanun layihəsi Milli Məclisə təqdim olunub. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun bötüvlükdə pandemiyadan zərər çəkən bir sıra fəaliyyət sahələrinə genişhəcmli təşviqləri ehtiva edir.
S.Musayeva qeyd edib ki, pandemiyadan zərər çəkmiş sahibkarlıq fəaliyyəti sahələrinə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyətini həyata keçirən subyektlər, yerləşdirmə vasitələri hesab olunan mehmanxana, otel, hostel kimi təsərrüfatlar, ictimai iaşə fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti və s. misal göstərilə bilər. Həmçinin, tədris müəssisələri, o cümlədən məktəbəqədər təhsil müəssisələri, hazırlıq mərkəzləri də zərər çəkən müəssisələr kimi müəyyənləşdirilib.
Qanun layihəsində pendemiyadan bilavasitə zərər çəkən sahələr üzrə əmlak və torpaq vergiləri üzrə 2020-ci il üçün vergidən tam azadolma, mənfəət vergisi üzrə isə 75 faizlik güzəşt nəzərdə tutulur. Qeyd olunan azadolmalarla yanaşı, spesifik sahələr üzrə mövcud olan vergi rejimləri nəzərə alınmaqla xüsusi güzəştlər təklif edilir. Ölkə daxilində sərnişindaşıma fəaliyyəti həyata keçirən subyektlər, habelə istimai iaşə fəaliyyəti göstərən subyektlər üçün sadələşdirilmiş verginin xüsusi rejimi mövcuddur. Həmin hüquqdan istifadə edən sahibkarlar üçün də sadələşdirilmiş verginin dərəcəsi 50 faiz azaldılacaq. Pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinin iqtisadi aktivliyinin kifayət qədər aşağı düşdüyü, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında bu sahələrdə fəaliyyətin məhdudlaşdığı nəzərə alınaraq, həmin fəaliyyət sahələri üzrə sahibkarlıq subyektləri tərəfindən 2020-ci ildə 2019-cu ilin nəticələrinə görə cari vergi ödəmələrinin təxirə salınması və 2020-ci ildə bütövlükdə mənfəət (gəlir) vergisi üzrə arayışların verilməsi və ödəmələrin həyata keçirilməsinin ləğv edilməsi təklif olunur. Digər tərəfdən, sahibkarlıq subyektlərinin 2019-cu ilin nəticələri üzrə mənfəət (gəlir) vergisinin bəyannamələrinin təqdim olunması və ödənişlərin edilməsinin də 1 sentyabr 2020-ci ilədək təxirə salınması nəzərdə tutulur.
Vergi Məcəlləsinə dəyişikliklər layihəsində mikro sahibkarlıq subyektləri ilə bağlı müddəalar da yer alır. Layihəyə əsasən, mikro sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergi öhdəlikləri 50 faiz aşağı salınacaq. Həmin subyektlər tərəfindən 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş, mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə də 1 sentyabr 2020-ci il tarixinə kimi tətil verilməsi nəzərdə tutulur.
S.Musayeva bildirib ki, ölkədə fəaliyyət göstərən istənilən sahibkarın pandemiyanın qarşısının alınması ilə bağlı profilaktik tədbirlərə və dezinfeksiyaya çəkilən xərclərinin gəlirdən çıxarılması da Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər sirasındadır.
S.Musayeva sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş dəstək tədbirləri çərçivəsində sosial sığorta yükünün azaldılması ilə bağlı təkliflərin də olduğunu qeyd edib. Bildirib ki, bununla bağlı “Sosial sığorta haqqında” Qanuna da dəyişikliklər hazırlanıb və bu dəyişikliklər də sahibkarlıq subyektləri, biznes icması və hökumət üzvləri ilə geniş müzakirələr aparıldıqdan sonra Milli Məclisə təqdim edilib.
Qeyd olunub ki, sosial sığorta yükünün azaldılması məqsədilə sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslər üzrə sosial sığorta dərəcəsinin azaldılması təklif edilir. Hazırda xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən fərdi sahibkarlar tərəfindən büdcədənkənar dövlət fonduna ödənilən sosial sığortanın dərəcəsi tikinti və ticarət sektorunda minimum əməkhaqqının 50 faizi, digər sahələrdə 25 faizi həddindədir. Pandemiyanın sahibkarlıq subyektlərinin fəaliyyətində yaratdığı çətinliklər nəzərə alınaraq, təqdim olunan qanun layihəsinə əsasən, 1 yanvar 2021-ci il tarixədək tikinti sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sosial sığorta yükünün 25 faizə, digər sahibkarlıq subyektlərində isə 15 faizə endirilməsi nəzərdə tutulur. Qanun layihəsində 2021-ci ildən sonra da sahibkarlıq subyektlərinin sosial sığorta yükünün aşağı salınması ilə bağlı müddəalar vardır.
İdarə rəisi diqqətə çatdırıb ki, ötən ilin sentyabr ayından ölkə üzrə minimum əməkhaqqının məbləği 250 manata qaldırılıb və bu geniş sosial layihə çərçivəsində əhalinin gəlirlərinin artırılması müsbət hal olmaqla yanaşı, sahibkarlıq subyektlərinin ölkə üzrə minimum aylıq əməkhaqqının müəyyən faiz nisbəti üzrə müəyyən olunan sosial sığorta ödənişlərinin həyata keçirilməsində bəzi çətinliklər yaradıb. Odur ki, təqdim olunan qanun layihəsində 1 yanvar 2021-ci il tarixindən 2026-cı il tarixədək olan dövr ərzində fərdi qaydada sahibkarlıq fəaliyyəti həyata keçirən subyektlərin də sosial sığorta yükünün aşağı salınması təklif edilib. Tikinti sektorunda sosial sığorta yükü 50 faiz saxlanılıb, digər sahibkarlıq sahəsində fəaliyyət göstərən subyektlərdə isə sosial sığorta yükü 25 faizə endirilib. Bununla yanaşı, sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi ərazidən asılı olaraq, sosial sığorta yükünün hesablanması zamanı diferensiallaşdırmanın tətbiqi nəzərdə tutulur.
S.Musayeva bildirib ki, tədqim olunan qanun layihəsində, həmçinin, müəyyən sahibkarlıq fəaliyyəti sahələrinə xüsusi təşviqlər əksini tapıb. Belə ki, sabit qəbz almaqla öz fəaliyyətini həyata keçirən mikro sahibkarların, sərnişindaşıma işini həyata keçirən və fərqlənmə nişanı əsasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sosial sığorta yükü də xeyli aşağı salınacaq. Həmçinin, kənd təsərrüfatı təyinatlı torpağı olan mülkiyyətçilər üçün ailədə əməkqabiliyyətli hər nəfərə görə hesablanan sosial sığorta dərəcəsinin də aşağı salınması nəzərdə tutulur.
Həm Vergi Məcəlləsinə, həm də “Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər koronavirus pandemiyası və iqtisadi aktivliyin aşağı düşməsi nəticəsində sahibkarlıq subyektlərinin üzləşdikləri çətinliklərin azaldılması, onların maliyyə yükünün dövlət dəstəyi nəticəsində minimallaşdırılması istiqamətində əhəmiyyətli rol oynayacaq.
S.Xankişiyeva