Azərbaycanın kifayət qədər taxıl ehtiyatı varmı?
Azərbaycanın kifayət qədər taxıl ehtiyatı mövcuddur.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin sədri Firdovsi Fikrətzadə deyib.
Mərkəz rəhbəri bildirib ki, hazırda ölkənin bu məhsuldan narahatlığı yoxdur: "Bizim ümumi idxaldan asılı olan məhsullarımız ənənəvi olaraq ərzaq buğdasıdır ki, müxtəlif vaxtlarda idxaldan asılılığımız 40-50 faiz arasındadır. Bundan ötrü də təbii ki dövlətlərin öz ərzaq ehtiyatlarını formalaşdırmasının 2 yolu var. Ya dövlətin onunla bağlı təbii resursları var, necə ki bizim kartof və tərəvəzin istehsalındakı potensialımız bizə imkan verir ki, özümüzü tam təmin edək.
Digər tərəfdən isə təbii şəraitlər özümüzü tam ərzaqla, hansısa məhsulla təminata imkan verməyəndə dövət bu halda strateji ehtiyatlar üçün infrastruktur yaradır. Bu gün bizim ölkəmizdə də təqribən 1,5 milyon ton civarında taxıl ehtiyatları üçün həm özəl, həm də dövlət sektorunda olan anbar infrastrukturu formalaşdırılıb. Bu sahədə iri emal güclərimiz var. Un emalı sənayesi formalaşdırılıb, hansı ki bunlar da lazım olan ölkəyə ərzaq buğdasını iri partiyalarla öz idxal mənbələri hesabına təmin edirlər və öz anbar ehtiyatlarına yerləşdirirlər. Məsələn, ilin əvvəlində məzənnə qiymətləndiriləndə məlum olub ki, dövlət olaraq bu sahədə narahatlığımız yoxdur, anbarda kifayət qədər ehtiyatımız var.
Yəni ümumi vəziyyət sabitdir. Sevindirici bir hal da budur ki, mövsüm başlayanda bizim istehsal etdiyimiz ərzaq məhsulları ilə istehsal göstəriciləri üzrə proqnozlarımızı yüksək gözləyirik. Eyni zamanda taxıl üzrə də proqnozlarımızın reallaşacağını gözləyirik və lazım olan ehtiyatlar üçün də anbar və emal sənaye infrastrukturunuz formalaşıb".
1news.az