MBA Club Mentorship: biznes idarəçiliyi üzrə beynəlxalq dərəcəyə yönəlmiş Azərbaycan gəncləri üçün kömək
Müasir dünyada İdarəetmə Magistri (MBA) proqramı üzrə beynəlxalq dərəcə getdikcə daha çox tələb olunur.
Bunun səbəbi çox sadədir – çünki peşəkar ixtisaslaşdırma böyük karyera imkanlarına yol açır.
Lakin, beynəlxalq universitetə qəbul üçün müraciət bəzən dəqiqlik və bir sıra nüansları tələb edən uzun müddətli prosesə çevrilə bilər.
Beynəlxalq universitetə MBA dərəcəsi üzrə daxil olma prosesində Azərbaycanda yaradılan, MBA Club Mentorship proqramı adlanan yeni bir proqram kömək edə bilər.
“Proqramın vəzifəsi gənc nəslə MBA-ya sənəd təqdim edərkən məsləhət və mənəvi dəstək verməkdir” – 1news.az-a müsahibəsində proqram koordinatoru Ayşən Qarayeva söyləyib.
Proqram çərçivəsində növbəti tədbir, mayın 16-da, şənbə günü, 4 spikerin – bu il dünyanın müxtəlif universitetlərində qabaqcıl MBA proqramları üzrə daxil olan azərbaycanlı gənclərin keçirəcəyi onlayn sessiya olacaq.
Bunlar arasında Harvard Biznes Məktəbinə “Unilever” şirkətindən daxil olan Nigar Mövsümlü, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Massaçusets Texnologiya İnstitutuna daxil olmuş Bəyazid Məlikov, “McKinsey” şirkətindən Rəşad Tağıyev və SOFAZ-dan Pensilvaniya Universiteti nəzdində Uorton Biznes Məktəbinə daxil olmuş Məhəmməd Məmmədovdur.
Spikerlər qəbul təcrübələri, üzləşdikləri çətinliklər və maneələri dəf etmək yolları barədə danışacaqlar. Onlayn sessiya saat 16.00-da MBA Club Facebook səhifəsində baş tutacaq.
“MBA Club Mentorship proqramına start vermişik və bizim böyük planlarımız var. Missiyamız dünyanın aparıcı MBA proqramlarında Azərbaycanın reytinqini yüksəltməkdir", - deyə Dövlət Neft Şirkətində (ARDNŞ) proqram yaradıcılarından biri, Miçiqan Universitetində (ABŞ) Ross Biznes Məktəbinin 2010-cu il məzunu İlham Mehrəliyev LinkedIn-də yazıb.
Şənbə sessiyasına hər kəs qoşula bilər: hər kəsə açıqdır, ödənişsizdir və iştirakçıların sayı ilə məhdudlaşmır.
Tərcümə: S.Xankişiyeva