SOCAR-ın prezidenti “Caspian Drilinq Compani Limited”in karantin düşərgəsi ilə tanış olub – FOTO
Mayın 15-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri “Caspian Drilinq Compani Limited” MMC (CDC) tərəfindən koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə həyata keçirilən proflaktik tədbirlərlə tanış olmaq üçün bu şirkətin müasir dəniz təchizat bazasında təşkil edilmiş karantin düşərgəsində olublar.
Şirkətdən 1news.az-a bildirilib ki, əsas payı SOCAR-a məxsus olan CDC qazma şirkəti xüsusi karantin düşərgəsi yaradaraq yüksək peşəkarlığa malik qazma mütəxəssislərinin sağlamlığının qorunması və qazma əməliyyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görüb. Tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın və TƏBİB-in müəyyən etdiyi qaydalara və təlimatlara uyğun həyata keçirilir. Düşərgədə əməkdaşların təhlükəsiz izolyasiyasını təmin etmək məqsədilə 160 işçinin hər biri üçün ayrıca istirahət otaqları inşa olunub, bütün otaqlar internet və peyk antenası ilə təchiz edilib. Düşərgə bütün zəruri tibbi avadanlıqlarla təchiz edilmiş təcili tibbi yardım maşını fasiləsiz növbə çəkir. Qurğularda çalışan əməkdaşlar əvvəlcə düşərgədə yerləşdirilir, karantin müddətini keçdikdən sonra COVID-19 üzrə test nəticələri mənfi olduqda onların qurğuya getməsinə icazə verilir.
“Caspian Drilinq Compani Limited” 1996-cı ildə yaradılıb. Heydər Əliyev, “Dədə Qorqud” və “İstiqlal” yarımdalma qurğuları ilə Xəzər dənizində qazma əməliyyatlarını həyata keçirir. Hazırda şirkət Qazaxıstandan gətirilmiş “Sətti” özüqalxan qazma qurğusunda modernləşdirmə işlərini görür.
S.Xankişiyeva