Asəf Zeynallının məzarı baxımsız vəziyyətdə - FOTO

Dirijor Mustafa Mehmandarov "Facebook"da dahi bəstəkar Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olmasını göstərən foto yayıb.
1news.az xəbər verir ki, dirijor A.Zeynallının məzarının "Qurd qapısı" qəbiristanlığında olduğunu qeyd edib:
"Heç inanmazdım ki, 23 yaşında dünyasını dəyişən, yaşayıb-yaratdığı o qısa zamanda milli musiqi tariximizə bir neçə gözəl və təkrarolunmaz əsərlər bəxş edib, bir neçə ilklərə imza atan görkəmli bəstəkarımız Asəf Zeynallının qəbri bu halda olsun. Hələ bu azmış kimi, Musiqi kollecindən də adı götürülüb. Söz tapmaq olmur. Hamımızın günahı var! Nə yad etmişik, nə də ki diqqət".
“Tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər bizdə ciddi narahatlıq yaradıb”.
Bunu isə APA-ya açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.
O bildirib ki, məzarlıqların vəziyyəti, onların saxlanılması və durumu ilə digər aidiyyəti dövlət qurumları məşğuldur: "Buna baxmayaraq biz də müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq".
Məsələ ilə bağlı Azərbaycan Milli Konservatoriyası nəzdində vaxtilə A.Zeynallının adını daşıyan Musiqi Kollecinin direktoru Nazim Kazımov isə bildirib ki, Asəf Zeynallının məzarı hər zaman diqqət mərkəzindədir: "Hər il aprelin 5-də doğum və oktyabrın 27-də anım günündə görkəmli bəstəkarımızın məzarı ziyarət olunur. Ötən il A. Zeynallının 110 illiyi də kollecdə geniş şəkildə keçirildi, yenə eyni qayda ilə məzarı ziyarət olundu. Sadəcə, bu il koronavirus pandemiyası ilə əlaqədar aprelin 5-i məzarı ziyarət edə bilmədik, onun üçün də ot basıb. Amma deyim ki, hazırda bəstəkarın qardaşı nəvəsi məzarlıqdadır, məzarın təmizlənməsi ilə məşğuldur".
Qeyd edək ki, Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota alıb. Onun Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur. Qarın yatalağına tutulan bəstəkar 1932-ci ildə, 23 yaşında vəfat edib.
1news.az