AZAL “Skytrax” reytinqində yüksək statusunu bir daha təsdiqlədi – FOTO
Aviaşirkətlərin və hava limanlarının xidmət keyfiyyətinin aparıcı qiymətləndiricisi olan Britaniyanın Skytrax agentliyi, Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) xidmət keyfiyyətini bir daha yüksək qiymətləndirərək onu "dördulduzlu aviaşirkət" nüfuzlu statusuna layiq görmüşdür.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
"Azərbaycan Hava Yolları" bu nüfuzlu statusa ilk dəfə 2015-ci ildə layiq görülmüşdür və o vaxtdan həmin statusu qoruyub saxlamaqdadır.
Skytrax ekspertləri tərəfindən aparılmış auditin nəticələrinə əsasən, uçuşlar zamanı rahatlıq və xidmət keyfiyyəti baxımından "Azərbaycan Hava Yolları" qlobal aviasiya bazarında tanınan lider aviaşirkətlərlə eyni səviyyədə qiymətləndirilir.
"AZAL"ın prezidenti Cahangir Əsgərov söyləmişdir: "Aviaşirkət xidmətlərinin auditi sahəsində bu cür nüfuzlu təşkilat - Skytrax tərəfindən fəaliyyətimiz növbəti dəfə yüksək qiymətləndirildiyi üçün hədsiz dərəcədə qürur hissi duyuruq. Bu mühüm nailiyyət və beynəlxalq arenada nüfuzumuzun daha da yüksəlməsi "Azərbaycan Hava Yolları"nın vahid komandasının gərgin əməyinin nəticəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın mülki aviasiyasına göstərdiyi daimi diqqətini ayrıca qeyd etmək istərdim. Dövlət başçısının bilavasitə qayğısı və dəstəyi sayəsində AZAL inanılmaz uğurlara imza atmış və növbəti dəfə yüksək nəticələr əldə etməyə nail olmuşdur. COVID-19 pandemiyası səbəbindən ümumdünya hava daşımaları sahəsində müvəqqəti məhdudiyyətlərə baxmayaraq, müntəzəm uçuşlar yenidən bərpa olunduqdan sonra sərnişinlərə yüksək səviyyədə xidmətlərin göstərilməsi və uçuşların təhlükəsizliyi əvvəlki kimi prioritet məqsədlərimizdən biri olaraq qalacaqdır".
Skytrax şirkətinin direktoru Edvard Pleysted 4 ulduz mükafatına layiq görülmüş “Azərbaycan Hava Yolları” haqqında bəhs edərkən qeyd edib: “Azərbaycan Hava Yolları” aviaşirkəti artıq beşinci ildir ki “Dördulduzlu aviaşirkət” reytinqini təsdiq edir. Bu, aviaşirkətin bütün xidmət siniflərində, hava gəmisinin göyərtəsində, eləcə də hava limanları ərazisində xidmət səviyyəsinin yüksək səviyyədə saxlanılmasında öz əksini tapır. “Azərbaycan Hava Yolları” yalnız 2019-cu ildə deyil, həmçinin 2020-ci ildə də bu sahədə böyük nailiyyətlər əldə edib”.
Skytrax tərəfindən aparılan audit zamanı sərnişinlərə göstərilən xidmətlərin səviyyəsi ilə yanaşı, həmçinin təyyarə salonunun vəziyyəti, quruluşu və təmizliyi, təyyarədəki əyləncələr, ekipajın geyim forması, sərnişinlərə münasibət və işin səmərəliliyi yoxlanılmışdır. Yoxlamanı həyata keçirən şəxslər həmçinin "duty free" mağazalarının xidmət səviyyəsinə, bort jurnalının məzmununa, təyyarə yeməklərinin keyfiyyətinə, oturacaqların rahatlığına və digər məqamlara diqqət yetirmişlər.
Eyni zamanda qeyd etmək lazımdır ki, Skytrax tərəfindən aparılmış auditin nəticələrinə görə, "Azərbaycan Hava Yolları"nın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportu cari ilin may ayında 5 milyon nəfərədək illik sərnişin axını olan dünyanın hava limanları sırasında ən yaxşı hava limanı seçilmişdir. Xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoymuşdur.
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax World Airport Awards" versiyasına əsasən 4 il ardıcıl olaraq bütün MDB ölkələrinin hava limanları arasında ən yaxşı hava limanı seçilmişdir.
S.Xankişiyeva