Ölkə başçısının açılışını etdiyi “Azərbaycan” İstilik Elektrik Stansiyasından REPORTAJ - FOTO
"Bu qəza yalnız məsuliyyətsizlik, səhlənkarlıq, vicdansızlıq nəticəsində baş vermişdir. O qəzadan sonra mənə verilən məlumatdan və bu stansiyadan çəkilmiş şəkillərdən dəhşətə gəldim, bu qədər vicdansızlıq olarmı?! Ona görə dərhal göstəriş verdim, kadr dəyişikliyi edildi, “Azərenerji”nin rəhbərliyi möhkəmləndirildi, təlimatlar verildi. Göstəriş vermişdim ki, bu İstilik Elektrik Stansiyasının generasiya gücləri qısa müddət ərzində yenidən yaradılmalıdır".
Bunu iyunun 25-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yenidənqurma işləri tamamlanan “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) açılışında çıxışı zamanı deyib.
Ölkə başçısı çıxışı zamanı 2018-ci ilin iyulunda Mingəçevirdə baş vermiş enerji qəzasının ölkə energetikasına, iqtisadiyyatına və enerji təhlükəsizliyinə təsirini bir daha şərh etdi.
İyunun 26-27-də isə “Azərenerji” ASC bir qrup media nümayəndəsinin iştirakı ilə Azərbaycan” İstilik Elektrik Stansiyasına (İES) media tur təşkil edib.
1news.az xəbər verir ki, mediatur zamanı jurnalistlərə yenidənqurma çərçivəsində görülən işlər, istifadəyə verilən yeni sistemlər barədə ətraflı məlumat verilib.
Belə ki, 2018-ci ilin 03 iyul tarixində istismar müddətini bitirən və kritik həddə fəaliyyətini davam etdirən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza nəticəsində enerjisistem çökmüşdü.
Mingəçevirdə baş verən məsələyə dərhal ölkə Prezidenti İlham Əliyev birbaşa müdaxilə edərək, Dövlət Komissiyası yaradır. Araşdırma zamanı isə günahkarların müəyyən olunaraq cəzalandırılması ilə yanaşı kompleks araşdırmalara da qərar verilir.
Məlum olub ki, qəzadan əvvəl stansiyanın qoyuluş gücü 2400 meqavat (MVt) olsa da, maksimum 1680 meqavat güclə işləyib və stansiyanın enerji blokları, qazanlar, sexlər, yarımstansiyalar, mühafizə sitemləri də daxil olmaqla bütövlükdə nəhəng enerji obyekti istismar müddətini başa vurub. Dayanıqlıq, etibarlıq və təhlükəsizlik ən minimum səviyyəyə düşüb.
Bir sözlə ölkənin ən böyük Elektrik stansiyasında olan bu cür vəziyyət nəinki stansiyanı, bütövlükdə ölkə enerjisistemini sistem qəzası təhlükəsilə üz-üzə qoyub.
Beynəlxalq şirkətlərin apardığı texniki monitorinq və audit hesabatlarında birmənalı şəkildə bildirilir ki, “Azərbaycan” İES ömrünü başa vurub. Stamsiya ən yaxşı halda 2022-ci ilə qədər fəaliyyət göstərə bilər ki, bu da çox təhlükəlidir. Belə bir vaxtda Cənab Prezident İlham Əliyevin qətiyyətli, çevik və sərt müdaxiləsi ilə stansiyada bütün parametrlər üzrə tikinti, yenidənqurma və təmir işlərinə start verilir. Hər biri biri ayrı-ayrılıqda elektrik stansiyası statusunda olan 8 enerji bloku, ölkənin 3 ən böyük yarımstansiyasından biri olan 500 kV-luq və qəza baş verən 330 kV-luq yarımstansiyalar, dağılmış Qarabağ kanalı, sexlər, bir sözlə 183 hektar ərazisi olan “Azərbaycan” İES tikinti şəhərinə çevrilir.
Beləliklə tikinti, yenidənqurma və bərpa prosesini xüsusi diqqətdə saxlanılır və yenidənqurma tədbirləri çərçivəsində 8 enerji blokunda lazım olan texniki avadanlıqlar, material və ehtiyyat vasitələr təmin edilir.
Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında görülən işlər barədə məlumat verən “Azərenerji" ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov "Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) ölkədə mazutla işləyən yeganə elektrik stansiyası olduğunu deyib:
“Stansiya həm qaz, həm də mazutla fəaliyyət göstərə bilir. Hazırda ehtiyatımız 245 min ton mazutdur. Lakin, əgər qaz təchizatında hər hansı problem yaranarsa, mazut ehtiyatı İES-in 1 ay tam gücü ilə işləməsini təmin edə bilər.
İES ərazisində 18 mazut çəni tikilib. Yenidənqurma işləri çərçivəsində mazut təzərrüfatının yanğınsöndürmə sistemi də tam yenilənib. Belə ki, köpüklə avtomatik yanğınsöndürmə sistemi hazırlanıb və artıq istifadəyə verilib”.
Stansiyanın ərazisindən keçən “Yuxarı Qarabağ” kanalının dib hissəsi, sağ və sol yamacları 1 km məsafədə betonlanaraq əsaslı təmir edilib.
Qəza baş verən 330 və 500 kV-luq yarımstansiyalarda hava açarları eleqaz açarlarla əvəzlənib, istismar müddətini bitirdiyindən hər an partlaya bilən bütün cərəyan transformatorları, o cümlədən gərginlik transformatorları yenilənib.
Yarımstansiyada komutasiya aparatları, idarəetmə, mühafizə, nəzarət kabelləri, kabel kanalları tam yenidən qurulub. Yarımstansiyalar üçün yeni idarəetmə binaları tikilib və ən müasir avadanlıqlarla təchiz edilərək istismara verilib.
Bununla yanaşı “Azərbaycan” İES-in Baş İdarəetmə Mərkəzi tikilib. Burada hündürlüyü 3 eni 24 metr olan monitor vasitəsi ilə seksiyalar üzrə 8 enerji bloku, yarımstansiyalar, yüksək gərginlikli xətlər avtomatik rejimdə idarə olunur. Azərbaycan İES-in əks-qəza avtomatikası, SCADA Dispetçer sistemi tam yenidən qurulub.
Eyni zamanda binada regional Tədris Mərkəzi tikilərək istifadəyə verilib.
Yanğından mühafizə idarəsi əsaslı təmir edilib. Burada yanğına qarşı yeni nasos stansiyası qurulub, köpüklə söndürmə sistemi quraşdırılıb. Stansiyanın perimetr üzrə video müşahidə sistemi ilə təchiz edilmiş 6 km uzunluğunda yeni mühafizə hasarı,6 mərtəbəli mühəndis korpusu da daxil olmaqla əsas və köməkçi binalar kompleks şəkildə yenidən qurulub.
Ümumilikdə, görülən işlər nəticəsində istismar müddətini bitirən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının ömrü ən azı 20 il uzadılaraq etibarlılıq, dayanıqlıq, səmərəlilik və təhlükəsizlik təmin edilib. Ən əsası 600 meqavatdan artıq “itirilmiş” güc bərpa olunub.
Qafar Ağayev