BBC Paşinyanı ifşa etdi: islahatlar əvəzinə həbslər, Xocalı haqqında yalan və pandemiya zamanı maskasız ziyafət – VİDEO
Avqustun 14-də İngiltərənin BBC telekanalında məşhur HardTalk (Çətin söhbət) verilişinin radio versiyada növbəti buraxılışı yayımlanıb. Verilişin aparıcısı Stiven Sakurun qonağı isə Ermənistanın baş naziri Nikol Paşinyan olub.
Videobağlantı ilə baş tutan verilişdə verilən suallardan aparıcının müsahibəyə necə hazırlaşdığı görünürdü. Adətən aparıcı müsahibə əvvəlcədən hazırlanmış suallar verir. Belə olan halda qarşı tərəf bu suallara cavab vermək üçün hazırlıqlı olur. Görünür Paşinyan da müsahibəyə razılıq verən zaman belə olacağını düşünmüşdü. Ancaq görünür ki, Ermənistan baş nazirinin yaxın ətrafı onu HardTalk proqramında qonaqlara ən kritik, sərt və bəzən təxribatçı suallara cavab verilməli olduğu barədə xəbərdar etməyi unutmuşdular.
Və bu vəziyyətdə jurnalist qarşısına konkret məqsəd qoymuşdu - onu maraqlandıran suallara Paşinyandan dəqiq cavab almaq.
Verilişin tam buraxılışı:
Ermənistan baş nazirinin BBC saytında yayımlanan müsahibəsindən bəzi çıxarışları təqdim edirik.
Jurnalist kimi fəaliyyət təcrübəsinin olmasına baxmayaraq N.Paşinyan sanki birinci dəfə idi mikrofon qarşısına çıxırdı. Müsahibə götürən S.Sakurun sualına cavabını “Mən sizin təəssüratla tamamilə razı deyiləm” cümləsi ilə başlaması onun bu sahədə də diletant olmasından xəbər verir.
İngilis dilində olduqca zəif danışan və hər cümləsində ingilis dilinin elementar qrammatik normalarını gözləməyən N.Paşinyan Ermənistanın məxməri inqilabdan sonra dünya reytinqlərində demokratiya, insan haqları, iqtisadi inkişaf, antikorrupsiya, məhkəmə islahatı sahələrində ən sürətli inkişaf edən ölkə kimi tanınması barədə cəfəng səslənən iddialar səsləndirdi. O, ölkədəki hazırkı acınacaqlı vəziyyətin bütün günahını koronavirus pandemiyasının üzərinə cəhd etdi.
S.Sakir onun sözünü kəsdi və koronavirus mövzusuna köklənməklə müsahibənin məğzindən uzaqlaşmaq cəhdinin qarşısını aldı. “Siz hakimiyyətə gələndə Azərbaycanla sülh üçün cığırın tapılacağı vədini vermişdiniz, halbuki ötən ay yeni döyüşlər, yeni münaqişə, hər iki tərəfdən hərbçilərin həlak olmasını gördük. Sanki Ermənistan əvvəlki təcrübəsini davam etdirir və vəd edilən dəyişiklik baş vermir?” sualını verdi.
Bu sual N.Paşinyanda isterik reaksiya doğurdu. O, beynəlxalq səviyyədə qəbul olunmuş mövcud danışıqlar formatının dəyişdirmək və işğal altındakı Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi münaqişə və danışıqlar tərəfi kimi təqdim etmək istəyini münaqişənin həlli üzrə indiyə qədər görünməyən yeni bir “formula” olduğunu sübut etməyə cəhd etdi.
Onun sözünü bir daha kəsən S.Sakur “Lakin əməllər sözlərdən daha çox danışır” ifadəsi işlətməklə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisini artilleriya atəşinə məruz qoymaqda, bir nəfər 76 yaşlı dinc sakini qətlə yetirməkdə ittiham etdi, “Bir daha deyirəm ki, sizin apardığınız siyasət sülhə nail olmaq məqsədi daşımır” deməklə N.Paşinyanı çətin vəziyyətə saldı.
N.Paşinyanın Azərbaycanın ünvanına səsləndirmək istədiyi cəfəng ittihamları dinləmək istəməyən S.Sakur onun üzünə bu fikirləri səsləndirməkdən çəkinmədi:
- Siz özünüz son aylarda gərginliyi artıran bir sıra təxribatçı hərəkətlərə yol vermisiniz. Məsələn, niyə siz keçən ilin avqust ayında “Stepanakert”ə (Xankəndiyə) gedərək “Artsax (Siz Dağlıq Qarabağı belə adlandırırsız) Ermənistandır və nöqtə” bəyanatını etdiyiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı. Bu, Azərbaycana qarşı açıq-aydın bir təxribat idi.
N.Paşinyan bu suala saxta tarixi iddialar səsləndərməklə cavab verməyə çalışsa da, S.Sakur onun üzünə “Sizin iddia etdiyiniz minillik tarixinizə girməyə niyyətimiz yoxdur. Bizim məqsədimiz hazırkı reallıqlara baxmaqdır. BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur və siz Dağlıq Qarabağa girərək o ərazinin sizin olduğunu iddia etməyə çalışırsız. Siz açıq-aşkar sülhpərvər deyilsiz” ittihamını vurdu.
S.Sakur Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni yolun inşa edilməsini avropalı ekspertlər tərəfindən beynəlxalq hüququn pozulması, qeyri-qanuni işğal faktının möhkəmləndirilməsi kimi dəyərləndirdi. Onun sözlərinə görə, “Ermənistanın Dağlıq Qarabağ məsələsində millətçilik mövqeyindən çıxış edir, Ermənistan hakimiyyətinin hazırkı strategiyasında heç bir mənalı sülh elementi sezilmir. Siz sələflərinizdən heç nə ilə fərqlənmirsiz. Ermənistan əhalisi üçün vacib olan bu problemin həlli üçün siz heç bir fərqli yanaşma təqdim etmirsiz”.
Azərbaycanla sərhəddəki iyul eskalasiyasından danışan zaman Paşinyan bildirib ki, guya Azərbaycan Ermənistana hücum edib. Və çox sevdiyi “təmas xəttində monitorinq sisteminin qurulması zərurəti” barədə ifadəsini təkrarladı.
Eyni zamanda, o, “min illik” (!!!) tarixi ilə Qarabağ - Ermənistandır və nöqtə!” ifadəsini izah etdi.
“Niyə dedim ki, Dağlıq Qarabağ, Artsax (Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni adı - red.) Ermənistandır? Birincisi, Dağlıq Qarabağ yerli erməni xalqı tərəfindən bir neçə min ildir məskunlaşılıb və yeri gəlmişkən, “Artsax” adının bir neçə min il tarixi var”, - deyə işğalçı ölkənin baş naziri özündənrazı şəkildə bəyan etdi. Eyni zamanda, açıqlamasının millətçilik əhval-ruhiyyəsində olması ilə bağlı aparıcının iradı ilə razılaşmadı.
Verilişin epizodlarından biri:
S.Sakur daha irəli gedərək Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı ağır müharibə cinayətləri və insan haqları pozuntuları törədildiyini, bu cinayətlərin əksər müstəqil müşahidəçilər tərəfindən sənədləşdirildiyini N.Paşinyanın diqqətinə çatdırdı, keçmiş hüquq müdafiəçisi kimi Azərbaycan və beynəlxalq məhkəmə qarşısında bu cinayətləri etiraf etməsinin vacibliyini qeyd etdi. N.Paşinyan “bütün müharibələrdə insan fəlakətləri olur” deməklə bu ittihamı sanki qəbul etmiş vəziyyətinə düşdü.
Sonra Stiven Sakur Paşinyanın Qarabağ münaqişəsi zamanı ermənilərin törətdikləri hərbi cinayətlərə, Xocalı soyqırımına görə üzr istəməyə hazır olub olmadığını soruşdu.
Ermənistanın baş naziri bir neçə dəfə Xocalıda mülki şəxslərin qətlə yetirilməsində Azərbaycanın keçmiş hakimiyyətini ittiham etməsinə baxmayaraq, sözün həqiqi mənasında bu sualdan yayındı.
Jurnalist Paşinyanın sözünü kəsərək ondan nə üçün oxları Azərbaycana tərəf çevirdiyini soruşdu. “Soruşuram, üzr istəməyə hazırsınız?” Baş nazir üzr istəməkdən imtina etdi.
Beləliklə, Paşinyan Ermənistanın bu cinayətin ermənilər tərəfindən törədildiyini açıq şəkildə inkar edən ilk lideri oldu.
Ona xatırladaq ki, 1992-ci ildə Xocalıda soyqırımı törədilən zaman səhra komandiri olan və bu qətliama rəhbərlik edən Ermənistanın sabiq prezidenti Serj Sarkisyan hələ 1997-ci ildə Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini etiraf edib.
Ancaq görünür, baş nazir o zamankı prezidentin bu açıqlamasını “qaçırıb” və indi həmin hadisələrlə bağlı “araşdırma” (!) aparılmalmasına ehtiyac olduğunu bildirir.
Koronavirus mövzusuna keçən S.Sakur pandemiya ilə mübarizədə Ermənistan hakimiyyətinin səylərini və strategiyasını ciddi uğursuzluq adlandırdı, yayılma statistikasının qonşu Gürcüstan və Azərbaycanla müqayisədə olduqca acınacaqlı olduğunu bildirdi. N.Paşinyan bu uğursuzluğu dünyadakı vəziyyətlə əlaqələndirməyə çalışsa da, S.Sakur baş nazirin addımlarının öz əhalisi tərəfindən mühakimə edildiyini vurğuladı (“Siz may ayında Arayik Arutunyanın “inauqurasiyasında” iştirak edəndə maska taxmamışdız, iyunun ortalarında sizin ölkədə ciddi epidemioloji böhran hökm sürürdü və siz öz əhalinizi məsuliyyətsizlikdə ittiham etməyə başladınız. Sizin maskasız insanlar arasında olmağınız liderlik kimi görünmürdü. Sizin ünvanınıza əhali və digər siyasi partiyalar tərəfindən kəskin ittihamlar səsləndirildi”).
Epidemiya zamanı vətəndaşları maska taxmağa çağırdığı halda ziyafətə maskasız qatılması ilə bağlı suala cavab olaraq Paşinyan “rəsmi qəbulun keçirildiyi ərazinin qaydalarına əməl etdim” deməklə vəziyyətdən çıxmağa çalışdı.
Daha sonra aparıcı Paşinyandan inqilabın ümidləri doğrultmaması, qanunsuz həbslər və kütləvi etirazlar barədə soruşdu.
Paşinyan “rekord iqtisadi artım” haqqında danışaraq pandemiyanın bu artıma mane olduğunu söylədi.
“Ermənistan lideri ölkəsinin Amerikanın qeyri-hökumət təşkilatı Freedom House-dan aldığı yüksək qiymətləndirməyə yenə və yenə qayıtdı. Təşkilatın hesabatları Ermənistanın 2018-2019-cu illərdəki uğurlarından, məsələn, həqiqətən azad və ədalətli seçkilərin keçirilməsindən danışır.
Lakin Freedom House genişmiqyaslı institusional islahatların olmamasını vurğulayır və konstitusiya məhkəməsi ətrafındakı münaqişəni qeyd edir. Belə ki, hökumət tərəfdarı olan hakimin özünü sədr elan etmək cəhdi konstitusiya böhranına səbəb olmuş və nəticədə baş nazirin parlamentdəki müttəfiqləri ölkənin ən ali məhkəməsinin islahatı ilə bağlı düzəliş qəbul etməli olmuşdular”deyə BBC qeyd edir.
S.Sakur beynəlxalq təşkilatlar tərəfindən Ermənistandakı demokratik vəziyyətin də kəskin hədəf obyektinə çevrildiyini, ölkədə ciddi insan haqları pozuntularının, xüsusilə azlıqlara və zərif təbəqələrə qarşı ayrı-seçkiliyin hökm sürdüyünü, korrupsiyaya qarş mübarizənin yetərli olmadığını, siyasi rəqiblərə qarşı repressiyaların davam etdiyini də vurğuladı.
N.Paşinyanın bu ittihamlara vermək istədiyi cavablar məntiqsiz və əlaqəsiz səslənirdi.
Ümumiyyətlə bu müsahibəni dinləyən istənilən şəxs N.Paşinyanın nəinki ölkə rəhbəri kimi, hətta adi siyasətçi və jurnalist kimi nə qədər diletant olması qənaətinə gələ bilər.
1news.az