Tofiq Zülfüqarov: Rusiyadan Ermənistana silah-sursatın tədarükü ciddi hərbi dəstəkdən daha çox böyük təbliğatdır

Tovuz istiqamətində qızğın döyüşlərin getdiyi bir vaxtda Rusiyadan Ermənistana silah-sursatın göndərdilməsi haqqında sensasiya effekti yaradan faktlar Azərbaycan ictimaiyyətində böyük səs-küyə səbəb olmuşdur.
Daha əvvəl məlumat verdiyimiz kimi reyslərdən ikisi ağır döyüşlərin getdiyi bir vaxtda - iyulun 17-də, digərləri isə, iyulun 18-i, 20-si, 27-si, 29-u və avqustun 4-ü həyata keçirilib. Sonradan məlum oldu ki, avqustun 6-da daha bir oxşar reys həyata keçirilib.
Daşınma Rusiya İl-76-ları ilə Rostov - Minvodı - Aktau-Türkmənbaşı - Nuşher - Rəşt - Meğri – Yerevan marşrutu ilə həyata keçirilmişdir. Marşrutun uzunluğu 2000 km-dən çox, uçuş müddəti 3 saat 30 dəqiqə təşkil etmişdir. Gürcüstan üzərindən uçuş məsafəni 1500 km qısalda bilərdi, lakin rəsmi Tiflis bu məsələdə prinsipiallıq nümayiş etdirərək, Rusiya hərbi nəqliyyat təyyarələrinin öz hava məkanından keçməsinə icazə verməmişdir. Ümumilikdə, Ermənistana 400 ton həcmində hərbi yüklər, o cümlədən, ən yeni hərbi-elektron texnologiyalara əsaslanan müasir radioelektron mübarizə vasitələri olan "Krasuxa”, "Avtobaza-M” və "Nebo-M” sistemləri, repitorlar və s. çatdırılıb.
Tovuz döyüşlərinin qızğın vaxtında Rusiyadan Ermənistana silah-sursat tədarükünün aşkar və gizli səbəbləri barədə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovla söhbət etdik.
- Gəlin vəziyyətə bir qədər daha geniş formada, yəni uzun illər boyu müşahidə etdiklərimizə baxaq. Keçmiş sovet ölkələrinin ardıcıl olaraq Rusiyadan uzaqlaşması baş verir. Bu, artıq neçə illərdir ki, müşahidə etdiyimiz bir tendensiyadır: Baltikyanı ölkələr, Ukrayna, Gürcüstan, Belarus, hansısa dərəcədə Azərbaycan. Əslində, bu, hansısa deyil, müəyyən dərəcədədir, çünki Azərbaycan Qərb dünyasının biznes liderləri ilə iqtisadi əlaqələrin genişləndirilməsinə nail olan ilk ölkələrdən olmuşdur.
İki il əvvəl növbə Ermənistana gəlib çatdı – hakimiyyətdə olan müəyyən qərbyönümlü dairələr hakimiyyətə yeni ölkə başçısını gətirdilər ki, onun qarşısında duran vəzifə, qısaca desək, hamıya məlum olduğu kimi Rusiyadan uzaqlaşmaq idi. Lakin proses uzandı, ciddi uzaqlaşma baş vermədi. Başqa sözlə desək, təbliğat baxımından uzaqlaşmanın müəyyən elementləri meydana gəlir, əməldə isə, Rusiya ilə Ermənistan arasında müəyyən qarşılıqlı əlaqənin şahidi oluruq.
Bəs bunun mənası nədir? Məsələ burasındadır ki, Ermənistan ictimaiyyətində belə bir ideya formalaşıb ki, Rusiya perspektivli geosiyasi tərəfdaş deyil. Başqa sözlə, müəyyən mərhələdə o faydalı ola bilər, lakin sivil lider Qərbdir və bu səbəbdən, Ermənistana onun təsir dairəsinə daxil olmaq lazımdır. Bu həm də ölkənin müəyyən qədər inkişaf etməsi baxımından da əhəmiyyətlidir, çünki Qərbin sərmayələri, texnologiyaları olmadan Ermənistan dövlətinin gələcəyi olduqca dumanlı görünür. Biz artıq böhranın müəyyən əlamətlərinin şahidi oluruq. Bu, ilk növbədə, əhalinin ölkəni sürətlə tərk etməsində görünür. Bu isə, ölkənin öz vətəndaşları üçün cəlbedici olmamasının əsas göstəricisidir.
Burada əsas qarşıdurma meydana gəlir. Məsələ burasındadır ki, Ermənistan işğalçılıq siyasəti yürüdür və işğal edilmiş əraziləri özünə ilhaq etməyə çalışıq. Bu siyasətin yürüdülməsində əsas ehtiyat bazası, Ermənistana hərbi dəstək göstərən Rusiyadır. Digər tərəfdən, artıq qeyd etdiyim kimi, ermənilər Qərb texnologiyaları və sərmayələrində maraqlıdırlar. Onların yürütdüyü siyasətin bir-birinə zidd məhz bu 2 istiqaməti böhrana səbəb olur. Başqa sözlə desək, bir əldə iki qarpız tutmaq olmaz. Rusiya bu vəziyyətdən narazıdır, Qərb isə, Ermənistanın yürütdüyü siyasətdən və Paşinyanın qətiyyətsizliyindən məmnun deyil.
Qərbin narazılığının əlamətlərindən birini biz BBC-nin “HardTalk” proqramında görmüş olduq.
Hazırda Ermənistan bu cür müxtəlif istiqamətli və müxtəlif vektorlu siyasət yürüdür və bu, əvvəl-axır müəyyən partlayışa gətirib çıxaracaq.
Hazırki vəziyyətə gəlincə, biz görürük ki, hər halda Ermənistanın Rusiyadan uzaqlaşması baş verir. Biz həmçinin, bu prosesin Moskvada da diqqətlə izlənildiyini görürük. Paşinyanın ünvanına tənqidlər eşidirik, müəyyən soyuqluğun, Rusiyanın da Ermənistandan və əksinə uzaqlaşmanın şahidi oluruq.
Tovuz hadisələri. Çoxları soruşur ki, bu hadisələr niyə baş verdi? Onun boru xəttləri və s. qarşı yönəlməsi haqqında versiya irəli sürülür. Lakin, düzünü desəm, mən bu versiyanı dəstəkləyən şəxslər sırasına daxil deyiləm, çünki qarşıdurmada olan hər 2 dövlət, həm Azərbaycan, həm də Ermənistan cəbhə xəttindən uzaq məsafədə yerləşən obyektləri sıradan çıxarmağa imkan verən silahlara malikdir. Bu səbəbdən, guya boru xəttləri üçün təhlükə yaradan hansısa yüksəkliyin ələ keçirilməsi məsələsi mənə biraz inandırıcı görünmür. Əsas məqsəd məhz, dəfələrlə haqqında danışdığımız kimi, süni şəkildə hərbi əməliyyatların bərpasına nail olmaq və bunun fonunda Rusiya-Ermənistan münasibətlərini müəyyən sınaqdan keçirmək idi.
Lakin, bu hadisələrin nəticəsində şahid olduq ki, ümumilikdə, Ermənistan nə Rusiyadan istədiyi dəstəyi ala bilmədi, nə də ki, KTMT ölkələrindən. Hər şey müəyyən təbliğat xarakterli kampaniya ilə məhdudlaşmış oldu. Niyə məhz təbliğat? Çünki biz eyni vəziyyəti 2016-cı ildə də müşahidə etmişdik. Həmin vaxt Aprel döyüşlərindən sonra belə bir məlumat sızması baş vermişdi ki, guya Rusiya Ermənistana “İsgəndər” raket qurğuları göndərib. Daha sonra isə bu məlumat öz təsdiqini tapmadı.
İndi də Ermənistana Rusiya təyyarələrinin uçuşu ilə bağlı yarıtəbliğat, yarıhərbi aksiya baş tutdu. Biz, təbii ki, başa düşürük ki, Ermənistan ordusunun müasirləşdirilməsi üçün 400 ton yük kifayət etmir. Bunun üçün tonlarla silahdan əlavə milyardlarla pul da tələb olunur. Rusiya isə Ermənistan ordusunu müasirləşdirmək fikrində deyil, ən azı ona görə ki, Ermənistan ordusunu müasirləşdirilib ciddi silahlarla təchiz edilərsə, ermənilər daha Rusiyaya ehtiyac duymayacaqlar. Rusiyada da bunu çox gözəl başa düşürlər.
Nümayiş-təbliğat xarakterli silah tədarükü isə, fikrimcə, bir tərəfdən Ermənistanda ictimai fikri sakitləşdirməyə, digər tərəfdən isə, Azərbaycandakı ictimai fikrə qarşı yönəlmişdir.
Cənab Prezidentin Putinlə telefon danışığını xatırlasaq görərik ki, danışıq zamanı bu uçuşların Azərbaycan ictimaiyyətində haqlı narahatlığa səbəb olduğu xüsusilə vurğulanıb. Bəs ictimaiyyətin xatırlanması nəyə görədir? Çünki, mahiyyət etibarilə, bu uçuşlar, çox düzgün vurğulandığı kimi, ilk növbədə, Azərbaycan ictimaiyyətində, daha sonra isə, Ermənistan ictimaiyyətində Rusiyanın ermənilərin havadarı olması ilə bağlı, belə deyək, müəyyən stereotip yaratmağa yönəlmişdir.
Bəs bunun ictimaiyyətə yönəlmiş təbliğat şəklində olması nəyə lazım idi? Çünki, Tovuz döyüşlərindən sonra, fikrimcə, son dərəcə vacib siyasi aksiya baş verdi ki, bu zaman heç bir təşkilatlanma olmadan minlərlə insan dövlətimiz və ordumuza həmrəyliyini nümayiş etdirmək və Ermənistan işğalına qqarşı çıxış etmək üçün uzun yürüş təşkil etdi.
Bu çox ciddi bir siqnal idi. Bu təkcə daxili siyasi hadisə deyildi, bu, eyni zamanda, beynəlxalq ictimaiyyətə bir ismarış idi ki, Azərbaycan xalqının səbri tükənmək üzrədir.
Sözügedən uçuşların məqsədi işğal edilmiş torpaqları azad etməyə hazır olan bu vətənpərvərlik dalğası yatırmaq idi.
Bəli, silah-sursat göndərilməsi, təbii ki, ciddi bir addımdır, lakin mənə elə gəlir ki, bu, əhəmiyyətli silah-sursat tədarükündən daha çox təbliğat xarakterli idi. Düşünürəm ki, biz bu məsələnin Azərbaycanda ictimai fikrə yönəlmiş olduğunu başa düşməli və kimlərinsə, “Rusiya Ermənistanın havadarıdır” kimi stereotip yaratmasına imkan verməməliyik. Çünki, bu artıq belə deyil.
Bu məsələdə, ilk növbədə, Rusiyadakı ermənipərəst dairələr maraqlıdırlar. Lakin biz onu da başa düşməliyik ki, Rusiyada elə dairələr də mövcuddur ki, Ermənistanı çoxdan dəstəksiz çamadan adlandırır, Rusiyanın genişlənməkdə olduğu mütləqiyyət və imperiya dövrünün geosiyasi qalığı kimi ondan canlarını qurtarmağa çalışırlar. Bax bu siyasi qalıq artıq qopmalıdır. Fikrimcə, bunun baş verməsinə çox vaxt qalmayıb və artıq yaxın zamanlarda Rusiya ilə Ermənistanın bir-birindən ciddi şəkildə uzaqlaşmasının şahidi olacağıq.
Daha bir məqamı qeyd etmək istərdim: bu, Gürcüstanın öz hava məkanından istifadə edilməsinə icazə verməməsi ilə bağlıdır. Məsələ burasındadır ki, onlarda mövcud olan qanun Rusiya hərbi yüklərinin ölkə ərazisindən keçməsini qadağan edir (fikrimcə, bu, hansısa formada işğal edilmiş ərazilərlə bağlı qanunla əlaqəlidir).
Bu səbəbdən, artıq uzun illərdir - hələ 90-cı illərdən bu yana Rusiyadan Ermənistana daşımalar Xəzər dənizi üzərindən İranın Ənzəli limanına və oradan Ermənistana daşınır.
Söhbət hərbi yüklərdən gedirsə, digər ölkənin ərazisi üzərindən uçuş xüsusi icazə bəyannaməsi ilə müşayiət olunmalıdır. Fikrimcə, uçuş zamanı hava məkanından istifadə edilmiş ölkələrə qarşı, belə deyək, hiylədən istifadə edilib və bəyannamədə bu yüklərin guya Gümrüdəki Rusiya hərbi bazası üçün nəzərdə tutulduğu qeyd edilib. Bu səbəbdən, uçuş zamanı ərazisindən istifadə edilmiş ölkələrə, fikrimcə, izahat üçün müraciət edildikdə, onlar bəyannamələrdə Gümrü bazasının qeyd edildiyini əsas gətirəcəklər. İstisna etmirəm ki, Rusiya tərəfi də vəziyyəti bu cür təqdim edəcək.
Lakin, düzünü desəm, həm Azərbaycan ictimaiyyəti, həm də hökumətinin baş verən hadisəyə ciddi reaksiyası məni sevindirir. Fikrimcə, bu, Rusiya-Azərbaycan münasibətlərində uzun müddətdir davam edən “paralel hərəkət”ə son qoymaq üçün kifayət qədər ciddi siqnaldır. Bu konsepsiya ondan ibarət idi ki, Ermənistan-Azərbaycan münaqişəsi bir xətti, qarşılıqlı əlaqələrin başqa sahələri digər xətti təşkil edirdi. Rusiyalı diplomatlar bu 2 aspektin bir-birilə əlaqələndirilməli olmadığını hər zaman bildirir və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın öz-özlüyündə dəyərli olduğunu xüsusilə qeyd edirdilər.
Göründüyü kimi bu paralelliyi saxlamaq mümkün olmur və əgər Rusiya bu məsələ ilə bağlı öz mövqeyini dəqiqləşdirməzsə, fikrimcə, Azərbaycanda anti-Rusiya əhval-ruhiyyəsi getdikcə, artacaq və heç kim bunun qarşısını ala bilməyəcək. Çünki, artıq insanlar ağı qaradan ayırmağı öyrənmişlər.
Bu çox vacib məqamdır və mən hesab edirəm ki, biz aydın şəkildə başa salmalıyıq ki, bizim üçün, xüsusilə də, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə paralel xəttlər ola bilməz. Ictimai təzyiqin gücləndiyinin Moskvada da başa düşülməsi, təkcə rəsmilərin deyil, ictimaiyyətin də narazılığının eşidilməsi çox vacibdir.
F.Bağırova