Sevinc Fətəliyeva: ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın bu cinayətlərinə münasibət bildirməlidirlər
Ermənistan hakimiyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqlarının aparılmasına maraqlı deyil. Bunu işğalçı ölkənin baş naziri Nikol Paşinyanın mövqeyi bir daha təsdiqləyir. Erməni tərəfinin məqsədi münaqişə zonasında gərginliyin artırılması və işğalçılıq siyasətinin davam etdirilməsindən ibarətdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva söyləyib.
Sevinc Fətəliyeva bildirib ki, Paşinyanın işğal olunmuş torpaqlarımıza qanunsuz səfər etməsi də bu məkrli niyyətin tərkib hissəsidir. Erməni baş nazirin son zamanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı diplomatik məğlubiyyətləri, onun BBC televiziyasına müsahibəsində gülünc vəziyyətə düşməsi Ermənistan cəmiyyətində reytinqinin aşağı düşməsi ilə nəticələnib və bu vəziyyətdən çıxmaq, müəyyən dividendlər qazanmaq, eyni zamanda, erməni ordusunda hökm sürən ruh düşkünlüyünü aradan qaldırmaq üçün o, Qarabağa səfər edib, hərbi obyektlərdə olub, Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində törədilmiş təxribatlarda “fərqlənmiş” hərbçiləri mükafatlandırıb.
Deputatın fikrincə, bu səfər, həmçinin işğalçılıq siyasətinin Ermənistan üçün prioritet olduğundan, təxribatların davam edəcəyindən xəbər verir. Ermənistanda “Müdafiə haqqında” qanuna edilən dəyişikliklərin ictimai müzakirəyə çıxarılması, Ermənistan ordusunun say tərkibinin mülki vətəndaşlar hesabına artırılması da bunun əyani sübutudur.
Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz məskunlaşdırma siyasətinə münasibət bildirən S.Fətəliyeva deyib: “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda təcavüzkar Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasəti aparılır. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal edilmiş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmaya dair faktlar zaman-zaman ortaya çıxır”.
O qeyd edib ki, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktları ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Eyni zamanda, Azərbaycan tərəfi bu faktları mütəmadi olaraq beynəlxalq ictimaiyyətə çatdıraraq Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Çünki Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının kobud şəkildə pozulmasıdır.
“İşğal altındakı Dağlıq Qarabağda yaradılmış qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında 100-150 erməni ailəsini orada yerləşdirməyə hazır olduğunu bildirib. Bununla yanaşı, Ermənistan mətbuatı artıq Livandan olan ilk iki erməni ailəsinin Dağlıq Qarabağa yerləşdirilməsindən və bu prosesin davamlı olacağından bəhs edir”, - deyən deputatın sözlərinə görə, işğalçı ölkənin hakimiyyəti Livanda davam edən qeyri-sabit vəziyyətdən Ermənistan və qondarma rejimin acınacaqlı demoqrafik strukturunun yaxşılaşdırılması məqsədi üçün istifadə etməyi planlaşdırır.
“Dağlıq Qarabağda köçürmə siyasəti beynəlxalq hüququn norma və standartlarına zidd şəkildə, tarixin saxtalaşdırılması kontekstində aparılır. Belə ki, işğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu dəyişdirmək niyyəti güdülür. Beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın bu cinayətlərinə münasibət bildirməlidirlər. Həmsədrlərin seyrçi mövqedə olması işğalçı ölkəni bu kimi qeyri-konstruktiv əməllərə sövq edir. Ona görə də Minsk qrupunun həmsədrləri konkret mövqe nümayiş etdirməlidir”, - deyə S.Fətəliyeva vurğulayıb.