İlham Əliyev: Bu gün Azərbaycanda minlərlə erməni yaşayır, Ermənistandan isə bütün azərbaycanlılar qovulub
Ermənistan nəinki təkcə Dağlıq Qarabağı işğal edib və muxtar vilayətin əhalisinin 25 faizini təşkil edən bütün azərbaycanlıları oradan qovub, eyni zamanda, əhalisinin sayı 700 min olan Azərbaycanın yeddi rayonunu işğal edib.
Beləliklə, bizim əsas məqsədimiz bu əraziləri azad etmək və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına imkan yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu “CNN International” televiziyasına müsahibəsində bildirib.
Müharibə bitəndən, işğalçı qüvvələr çıxarıldıqdan sonra Dağlıq Qarabağdakı ermənilərin və azərbaycanlıların yan-yana yaşayacaqlarına, yaxşı qonşu olacaqlarlarına əminliyini ifadə edən dövlətimizin başçısı deyib: “Bu gün Azərbaycanda minlərlə erməni ölkəmizin müxtəlif şəhərlərində, əsasən paytaxt Bakıda yaşayır. Bizim ikinci ən böyük şəhərimiz olan Gəncəyə hücum üçün ermənilərin istifadə etdiyi uzaqməsafəli dağıdıcı mərmilərdən biri olan “Smerç” erməni qadının evinə düşüb. Beləliklə, bu gün Azərbaycanda sülh və ləyaqət içində yaşayan minlərlə erməni var”.
Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistandan isə bütün azərbaycanlılar qovulub. Ermənistan əhalisi 99 faiz ermənilərdən ibarətdir. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə törədiblər. “Erməni prezidenti yenə də yalan deyir. Bu gün Dağlıq Qarabağda əhalinin 95 faizi ermənilər deyil, əhalinin 100 faizi ermənilərdir. Çünki orada yaşayan 25 faiz azərbaycanlı əhali Ermənistan rejimi tərəfindən etnik təmizlənməyə məruz qalmışdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
S.Xankişiyeva