“Qoy Uca Tanrı “Qarabağ Azərbaycandır!” səsləndirdiyiniz bu tarixi haqq yolunda apardığınız şanlı mübarizədə Sizə yar olsun” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Qoy Uca Tanrı “Qarabağ Azərbaycandır!” səsləndirdiyiniz bu tarixi haqq yolunda apardığınız şanlı mübarizədə Sizə yar olsun” – Prezidentə məktub

18:44 - 12 / 10 / 2020
“Qoy Uca Tanrı “Qarabağ Azərbaycandır!” səsləndirdiyiniz bu tarixi haqq yolunda apardığınız şanlı mübarizədə Sizə yar olsun” – Prezidentə məktub

Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələr vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, həmçinin bir sıra digər ölkələrin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır.

Onlar sevinc və qürur hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Şavluk Baycandan, Ankara, Türkiyə

“Hörmətli cənab Prezident.

Mən 1918-1920-ci illərdə ermənilərin törətdiyi qətliamlar səbəbindən Azərbaycan torpaqlarından Türkiyənin İğdır vilayətinə köçmək məcburiyyətində qalmış bir ailənin üzvüyəm. Ata-babalarım bizi daim Azərbaycan haqqında xatirələrlə böyütdülər. Bizdəki Vətən həsrəti o qədər dərin olmuşdur ki, mərhum atam qardaşımın adını Azər, mənim adımı isə Baycan qoymuşdur. Allah mənə bir müddət Bakıda işləməyi nəsib etdi və çox şükür ki, Vətənimi gördüm.

Böyüklərimiz həmişə “İnşallah, bir gün biz bütün torpaqlarımızı erməni qatillərindən geri alacağıq!” deyirdilər. Bu gün o gündür! Bu yolda üzərimə nə vəzifə düşərsə, onu can-başla yerinə yetirməyə hazıram.

Hörmətli Prezidentim, Sizdən bircə xahişim var: lütfən, heç bir şərtlə geri addım atmayın! Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır!

Allah Sizə, Ordumuza və millətimizə yardım etsin!”

Ayxan Rəhimlidən, Bakı, Azərbaycan

“Hörmətli, sevimli və mehriban Prezidentimiz.

Mən bir şagird olaraq Sizinlə, Azərbaycan Respublikası və onun igid əsgərləri ilə fəxr edirəm. Azərbaycanlı olduğum və Azərbaycanda doğulduğum üçün Vətənimlə qürur duyuram. Yaşım çox az olsa da, mən də Vətənim üçün canımı fəda etməyə hər zaman hazıram. Ulu öndər Heydər Əliyev və Siz bizim dövlətimizi dirçəltmisiniz. Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var. Azərbaycan Respublikası Sizlərin sayəsində çiçəkləndi və daha da inkişaf etdi. Siz mənim gözümdə Azərbaycanın Milli Qəhrəmanısınız. Sizə hər şey üçün minnətdarıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Nina Ujovadan, Gəncə, Azərbaycan

“Çox hörmətli Prezident, cənab Ali Baş Komandan.

Mən Gəncə şəhər sakiniyəm. Uzun illər Gəncə dəmiryolu stansiyasında müxtəlif vəzifələrdə çalışmışam. Hal-hazırda təqaüddəyəm. Azərbaycanda və eləcə də Gəncədə yaşayan milliyyətcə rus olan digər sakinlərimiz kimi həmişə vətəndaşı olduğumuz Azərbaycan dövləti və eləcə də xalqı tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşuq. Azərbaycan torpağı, onun hər qarışı bizim üçün əziz, doğma olub. O cümlədən Azərbaycanın qədim torpaqları olan Qarabağ torpağı da.

Mənfur düşmən doğma Qarabağımızda, eləcə də imkanı düşdükcə, respublikamızın digər bölgələrində uzun illər boyu Azərbaycan xalqına qarşı vandalizm, terror və vəhşiliklər törətməkdən doymayaraq indi də Qarabağda döyüş zonalarında qazandığınız uğurlara dözə bilməyərək Azərbaycanın digər şəhər və rayonlarına qarşı insanlığa yaraşmayan hərəkətlər etməyə başlayıblar ki, bu da onların daxili xislətlərinin terrorla yoğrulduğunu bir daha sübut edən bir amildir.

Belə ki, işğalçılar raketlərdən istifadə etməklə Azərbaycanın 2-ci böyük şəhəri olan, mənim də sakini olduğum Gəncə şəhərini vurmaları vandallığın, alçaqlığın, xəbisliyin, mədəniyyətsizliyin, şərəfsizliyin, qəddarlığın, bir sözlə barbarlığın, məkirli xislətin bariz nümunəsidir.

Cənab Ali Baş Komandan, biz Azərbaycanda yaşayan, Azərbaycanı özünə doğma el-obası, əziz Vətəni bilən rus millətindən olan bütün sakinləri Sizi çox sevirik! Biz əminik ki, doğma torpaqlarımız belə bir mənfur düşmənin tapdağından Sizin komandanlığınız altında igid zabit və əsgərlərimizin şücaəti nəticəsində azad olunacaq və biz Azərbaycanın xoşbəxt vətəndaşları olan digər etnik millətlərin nümayəndələri ilə birlikdə üçrəngli bayrağımızın Qarabağın işğal altında olan hər bir bölgəsində dalğalanmasının şahidi olacağıq.

Qoy Uca Tanrı "Qarabağ Azərbaycandır!" səsləndirdiyiniz bu tarixi haqq yolunda apardığınız şanlı mübarizədə Sizə yar olsun. Amin”.

Sədrəddin Babayevdən, Lənkəran, Azərbaycan

“Hörmətli Ali Baş Komandan.

Sizə ailəmiz adından dərin təşəkkürümüzü bildiririk. Uzun illərdir işğal altında olmuş Cəbrayıl torpağının düşməndən azad olunduğu xəbərini Sizdən eşitmək bizi daha da sevindirdi və döyüşə ruhlandırdı. Hamıya yaxşı məlumdur ki, rəşadətli Azərbaycan Ordusunun Qələbəsi Sizin uzaqgörənliyinizin nəticəsidir. Həyatımızın ən böyük sevincini Siz bizə yaşatdınız. Xalqımız Sizinlə hər an fəxr edir. Həmişə var olun, Vətənin igid və cəsur oğlu.

Əziz Prezidentimiz, biz televiziyadan Sizin çıxışlarınızı izləyəndə Azərbaycana necə vurğun olduğunuzun bir daha şahidi oluruq. Siz Azərbaycanın əzmli, qətiyyətli siyasətçisi və dövlət başçısısınız.

Möhtərəm Ali Baş Komandan, səmimi qəlbdən Sizi alqışlayırıq, Sizə və ailənizə cansağlığı diləyirik”.

Ədalət Xəlilovdan, Cəbrayıl, Azərbaycan

“Hörmətli Ali Baş Komandan.

Sizə ailəmiz adından dərin təşəkkürümüzü bildiririk. Uzun illərdir işğal altında olmuş Cəbrayıl torpağının azad olunması xəbərini Sizdən eşitməyimiz bizi daha da sevindirdi. Doğma Cəbrayılımızın azad olunması münasibətilə bütün xalqımızı təbrik edirik. Xalqımız Sizinlə həmişə fəxr edəcəkdir.

Hörmətli Ali Baş Komandan, nə qədər ki, əlimiz silah tutur, Vətən uğrunda döyüşməyə hazırıq. Həmişə var olun, Vətənin igid və cəsur oğlu!”

Həsrət Məmmədovdan, Xocavənd, Azərbaycan

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

İyirmi doqquz ildən sonra doğma Xocavəndimizin Hadrut qəsəbəsinin erməni işğalından azad edildiyi sevincini bizə bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz xocavəndlilər Sizin uzaqgörən siyasətinizi dəstəkləyirik. Verdiyiniz qərarlarla, qətiyyətli mövqeyinizlə bizi qələbədən qələbəyə aparırsınız. İnanırıq ki, Sizin rəhbərliyinizlə qəhrəman Ordumuz yeni-yeni zəfərlər qazanacaq.

Hörmətli Ali Baş Komandan, biz xocavəndlilər daim Sizin əmrinizi gözləyir, ölkəmizin ərazi bütövlüyü uğrunda mənfur düşmənə qarşı döyüşməyə hər an, hər dəqiqə hazır olduğumuzu bildiririk.

Yaşasın müstəqil Azərbaycan!”

Mehparə Qənbərovadan, Bərdə, Azərbaycan

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bir Bərdə rayon sakini kimi, düşmənin dinc əhaliyə atdığı mərmilərdən qorxmayaraq, yaşayış yerimizi tərk etmədən, onlara sipər oluruq və Sizin qələbə xəbərinizi gözləyirik. Sizin və şücaətli, qəhrəman ordumuzun səyləri nəticəsində yaxın zamanlarda Azərbaycan bayrağını Kəlbəcərdə, Şuşada, Xankəndidə dalğalandıracağıq. Siz öz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdırırsınız. Sizə və ordumuza sonsuz təşəkkür bildirir, əldə olunan və olunacaq uğurlara görə Sizi təbrik edirəm.

Toğrul Ağayevdən, Bakı, Azərbaycan

Hörmətli və əziz Prezidentimiz.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı məni çox fərəhləndirdi. Çoxlu ərazilərimiz işğalçı erməni ordusundan azad edildi. Artıq qorxaq ermənilər qaçır. Acizliyindən şəhər və rayonlarımızı atəşə tutur. İnanıram ki, ən tez bir zamanda Qarabağımıza geri dönəcəyik.

Qarabağ Azərbaycandır!”

Əhəd Cəbiyevdən, Ağdaş, Azərbaycan

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Qəhramanlıq səlnaməsi yazan şanlı Azərbaycan Ordusunun zəfər xəbərlərini bizə çatdırdığınız üçün Sizə Ağdaş gənci olaraq sevincimi və minnətdarlığımı bildirirəm.

Arzum budur ki, işğal olunmuş hər bir qarış torpağımız tez bir zamanda düşmən tapdağından azad olunsun. İnanıram ki, bu günlər heç də uzaqda deyil.

Qarabağ Azərbaycandır! Allah Sizi və Azərbaycan xalqını qorusun”.

Sahib Səfərovdan, Cəbrayıl, Azərbaycan

“Hörmətli cənab Ali Baş Komandan.

Müzəffər ordumuzun Sizin rəhbərliyinizlə qısa müddət ərzində 30 ilə yaxındır Ermənistan ordusu və havadarları tərəfindən işğal altında saxlanılan tarixi torpaqlarımızı azad etməsini bütün xalqımız kimi biz də böyük sevinc və qürur hissi ilə izləyirik. 2012 ci ildə oğlum Ramil Səfərovu Macarıstandan Azərbaycana gətirərək əfv edəndə, bəzi ölkələr və beynəlxalq təşkilatların qərəzli mövqe nümayiş etdirmələrinə baxmayaraq, Siz bütün dünyaya sübut etdiniz ki, dövlət öz zabitinə, öz vətəndaşına harada olmağından asılı olmayaraq sahib çıxır və qoruyur. Bu gün isə Siz bütün dünyaya sübut edirsiniz ki, Azərbaycan dövləti, xalqı və ordusu beynəlxalq səviyyədə tanınmış öz tarixi torpaqlarını nəyin bahasına olursa olsun işğaldan azad etməyə qadirdir. 27 il sonra doğma Cəbrayılımızın erməni qəsbkarlarından xilas edilməsi münasibətilə Sizə, şanlı ordumuza, Səfərovlar ailəsi və xalqımızın adından dərin minnətdarlığımı bildirir, qəhrəman şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Biz Sizinləyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Cəfər Məmməddən, Mingəçevir, Azərbaycan

“Hörmətli cənab Prezident.

Erməni təcavüzkarlarının torpaqlarımıza qəfil basqını bizi də həddən artıq qəzəbləndirdi. Terrorçular torpağımıza soxularaq və dinc əhaliyə zərər yetirərək yenə də ərazilərimizi ələ keçirmək üçün hər cür zorakılığa əl atırlar. İnanırıq ki, bu təcavüzkarların qarşısını almaq və onları sona qədər qovmaq əmrinizi şanlı Ordumuz tezliklə yerinə yetirəcək və onların layiqli cavabını verəcəkdir. Düşmən nə qədər hiyləgər və güclü olsa da, məğlub olacaqdır.

Cənab Ali Baş Komandan, inanırıq ki, Sizin qətiyyətli siyasətiniz nəticəsində keçmişdə əlimizdən çıxan, düşmən tapdağına çevrilən torpaqlarımıza qayıdacağıq, Vətənimiz bütövlənəcək.

Eşq olsun şanlı Ordumuza! Yaşasın igid və mərd oğullarımız!

Vətən uğrunda canın fəda edən, həlak olan şəhid qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.

Rasim Məmmədovdan, Bakı, Azərbaycan

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Müqəddəs Qarabağ torpaqlarının şanlı Azərbaycan Ordusu tərəfindən Sizin rəhbərliyiniz altında azad edilməsi xalqımızın öz rəhbərinə olan inam və etimadını yeni əlçaltmaz yüksəkliklərə ucaltdı. İnşallah, müqəddəs Şuşa şəhərini də azad edəcəyik. Xalqımızın Sizə olan inamı, etibarı və sevgisi buna ən böyük təminatdır.

Cənab Prezident, İctimai Nəzarət Koalisiyasının üzvləri Sizin istər cəbhədə, istərsə də republikamızın ictimai-siyasi və iqtisadi həyatında olan bütün göstərişlərinizə canla-başla əməl edir və edəcəklər”.

Qasım Zeynalovdan, Ağdam, Azərbaycan

“Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız.

Mən Ağdam rayon sakini və Mexaniki Suvarma İdarəsinin traktorçusu kimi Sizi və qüdrətli Ordumuzu mənfur erməni işğalçıları üzərində qazandığınız Qələbəyə görə ürəkdən təbrik edirəm.

Allah Sizi və Ordumuzu qorusun. Biz öz Ordumuz və mərd oğullarımızla fəxr edirik. Sizin verdiyiniz qərarlar, atdığınız addımlar bizi ruhlandırır, həyatda yaşamaq eşqi yaradır.

Biz ağdamlılar cəbhə bölgəsində yaşamağımıza baxmayaraq hər zaman olduğu kimi bu gün də öz işimizlə məşğuluq. İşlədiyim meliorator kollektivi ərazidə qızğın döyüşlərin getdiyi bir vaxtda öz işlərinə daha məsuliyyətli yanaşaraq rayon əhalisinin içməli və suvarma suyuna olan tələbatını layiqincə yerinə yetirir.

Hörmətli cənab Prezident, biz ağdamlı melioratorlar Sizin uğurlu, uzaqgörən daxili və xarici siyasətinizi ürəkdən bəyənir, Ulu Tanrıdan Sizə cansağlığı arzulayır, apardığınız bütün işlərdə uğurlar diləyirik.

Allah Sizi qorusun, cənab Prezident”.

S.Xankişiyeva

Paylaş:
560

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər