Dövlət başçısı: Bizi nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın
Qafqaz Albaniyası böyük dövlət olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu.
1news.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində Azərbaycanda bütün dinlərə məxsus abidələrə dövlət səviyyəsində göstərilən diqqətdən danışarkən bildirib.
Dövlətimizin başçısı deyib: “Biz bu kilsələri öz mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa?”
Bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarları ilə təmaslar əsnasında qaldırdığını vurğulayan Prezident sual edib: “Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın”.
1news.az