Ceyhun Bayramov: “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir”
Münaqişələr, uzun sürən xarici işğalçılıq və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhlükə altına qoyur. Bu həm də regional əməkdaşlığı əngəlləyir.
1news.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclasında deyib.
C.Bayramov qeyd edib ki, bu ilin 9 noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifə açdı:
“Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini çıxarır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Keçmiş münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilir və birgə atəşkəs monitorinq mərkəzi yaradılır.
Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatında əks olunduğu kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, Asiya ilə Avropa arasında ticarətdə regionumuzun rolunun gücləndirilməsinə imkanlar yaradacaq həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər.
Azərbaycanın bütün tərəfdaşlarına təklif edə biləcəyi və artıq təklif etdiyi çox şey var. QDİƏT üzv dövlətləri birləşdirən və müştərək firavan gələcək qurmağa imkan verən təşəbbüslərimiz regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün maraq və potensialımızın ən yaxşı nümunəsidir. Gələcək əməkdaşlıq üçün hazırıq.
Yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə tam əməl etməklə biz dinc, firavan və sabit gələcəyə nail ola bilərik”.
Qafar Ağayev