Ermənipərəst “Regnum” Yaqub Mahmudovun fikrini təhrif etdi - FOTOFAKT
Rusiyanın ermənipərəst mövqeyi ilə fərqlənən "Regnum” informasiya agentliyi AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun fikrini təhrif edib.
Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Yaqub Mahmudov bu günlərdə Azərbaycan və rus dillərində yerli mediaya verdiyi açıqlamasında Qarabağdakı xristian abidələrinin qədim Azərbaycan-Albaniya mirası olduğunu bəyan etmişdi.
Tarixçi alim həmin açıqlamasında Fransa prezidenti Makronun Qarabağda guya erməni mədəni və dini irsinin olduğunu bildirməsini isə həyasızlıq adlandırmışdı. Açıqlamada o hissə belədir: "Bu günlərdə içərisində Alen Delon, Pyer Rişar, Jan Renonun da yer aldığı 120-dən çox tanınmış fransız ermənilərə dəstək üçün imza toplayıb və tarixi faktın ziddinə gedərək onların Qarabağda 2 min ildən çox yaşadıqlarını iddia ediblər. Fransa prezidenti Makron isə həyasızcasına Qarabağda guya erməni mədəni və dini irsinin olduğunu bildirir. Görünən odur ki, bəzi Qərb dairələri açıq şəkildə erməni vandallarını müdafiə edirlər".
"Regnum" agentliyi isə Yaqub Mahmudovun fikrini təhrif edərək, "həyasızcasına" sözünü "həyalı" olaraq dərc edib.
1news.az