Braziliya Federal Senatının birinci vitse-prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Braziliya Federal Senatının birinci vitse-prezidenti Antonio Anastasia və federal konqresmen Klaudio Kajadodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan və Ermənistan arasında ölkənizin Dağlıq Qarabağ bölgəsi uğrunda müharibəyə son qoyan atəşkəs razılaşmasının imzalanması ilə bağlı xəbərləri böyük məmnuniyyətlə qarşıladıq.
Biz Deputatlar Palatası və Federal Senatdakı Braziliya-Azərbaycan Parlamentlərarası dostluq qruplarının sədrləri olaraq Sizin ölkənizlə yaxından maraqlanırıq və Azərbaycanla bağlı bütün prosesləri xüsusilə indiki dövrdə diqqətlə izləyirik. Biz qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə hər iki ölkənin əhalisinin daha yaxşı həyat şəraitinə nail olması istiqamətində səylərimizi davam etdiririk.
Parlamentarilər olaraq biz sülhü dəstəkləyir, ərazi münaqişələrinin və ya hər hansı digər fikir ayrılıqlarının diplomatik yolla həllinin tərəfdarıyıq.
Cənab Prezident, biz Sizi qazandığınız müvəffəqiyyəti, həmçinin bölgənizdə hərbi əməliyyatların sona çatması və arzuedilən sülhün bərqərar olması ilə nəticələnən danışıqlardakı uğurlarınızı yüksək qiymətləndirir, ölkənizə davamlı əmin-amanlıq, eləcə də sosial və iqtisadi inkişaf arzu edirik".
S.Xankişiyeva