Ərdoğan: “Türkiyə bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında oldu”
“Beləliklə qardaşım İlham Əliyev mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq qoyduğu arzusunu da yerinə yetirdi. Qarabağı Ana Vətənə qovuşduran Azərbaycan Ordusunun hərbçilərini təbrik edirəm. Bu Zəfər gününüzdə sizlərlə birlikdə olmaqdan böyük bəxtiyarlıq duyuruq”.
1news.az-ın xəbərinə görə, bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Şəhid olan igidlərə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirəm. Azərbaycanın həm hərbi, həm diplomatiya meydanında əldə etdiyi bu uğurda ən böyük pay sahiblərindən biri əziz qardaşım İlham Əliyevə məxsusdur. İnşallah, Azərbaycan dastan yazmağa davam edəcək. Türkiyə Azərbaycanın apardığı mübarizəyə əvvəlcədən bütün qurum və təşkilatları ilə dəstək verib, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olub. Biz özümüz hər zaman mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını əldə rəhbər tutduq. Qarabağı 30 il boyunca sinəmizə yara etdik. Bu yaranın sağalmasının sevincini bölüşmək, bu şanlı Zəfəri birlikdə qeyd etmək üçün sizlərləyik”, - deyə Türkiyə dövlət başçısı vurğulayıb.
1news.az