Deputat: “ATƏT-in Minsk qrupu keçən 28 il müddətində münaqişənin həlli üçün heç bir rol oynamayıb”
“Tarixdə ilk dəfə olaraq Müzəffər Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın azad olunması güclü siyasi iradəyə malik Azərbaycanın nəyə qadir olduğunu bir daha dünyaya sübut etməklə Ermənistanı alçaldıcı kapitulyasiya bəyanatını imzalamağa məcbur etdi”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib. Deputat bildirib ki, bu bəyanat qan tökülməsinin qarşısının alınmasına, insanların yaşamaq hüququnun, eləcə də Qarabağda Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğuna dəlalət edən, Azərbaycanın hərb yolu ilə əldə etdiyi davamlı qələbəsidir.
“Eyni zamanda bu bəyanat 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mandatı ilə yaranmış ATƏT-in Minsk qrupunun keçən 28 il müddətində münaqişənin həlli üçün heç bir rol oynamadığının və bu günədək absurd iddialar səsləndirdiyinin bariz nümunəsidir.
Vətən Müharibəsi başlayana qədər ATƏT-in Minsk qrupunun məsələni beynəlxalq hüquq və normalar çərçivəsində, haqq və ədaləti bərpa edərək sülh yolu ilə həll etməsi üçün kifayət qədər vaxtı və imkanları olub”.
M.Əfəndiyev deyib ki, təcavüzkar Ermənistanın təxribat xarakteri daşıyan “Qarabağ Ermənistandır” bəyanatı, Dağlıq Qarabağda qanunsuz məskunlaşma siyasəti, zaman-zaman cəbhədə atəşkəsi pozması ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vurması hallarında Minsk qrupunun həmsədrlərinin susması, fəaliyyətsizliyi, ümumiyyətlə keçən müddət ərzində status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar səsləndirmələri böyük təəssüf doğurur və onların dekabr ayının 12-də Azərbaycana səfərləri bölgədə gərginliyin artması ehtimalını yarada bilər.
“Bu gün Azərbaycan şanlı Qələbəsi ilə təkbaşına status-kvonu ləğv, tarixi ədaləti bərqərar edərək Cənubi Qafqazın bütün subyektləri üçün sülhü, əmin-amanlığı və iqtisadi stabilliyi təmin etdi. Nəticə etibarilə ATƏT-in Minsk qrupunun həmsədrləri bütün beynəlxalq ictimaiyyət qarşısında gülünc vəziyyətə düşməklə, hətta çağırılmamış qonaq qismində onların Azərbaycana səfərləri zamanı regiona qərəzsiz və kollektiv qaydada stabilliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyətin məhz Azərbaycan tərəfindən yaradıldığını etiraf etmək məcburiyyətində qaldılar.
Bir məqamı da qeyd edə bilərik ki, əldə edilən qələbə Minsk qrupunun mandatının bundan sonra artıq Azərbaycandan asılı olduğundan deməyə imkan verəcəkdir və Prezident İlham Əliyevin Minsk qrupunun ABŞ və Fransadan olan nümayəndələrinin Azərbaycana səfəri ilə bağlı çıxışı “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm” buna əyani sübutdur” – deyə, deputat fikirlərinə əlavə edib.
1news.az