Caspian Energy Club növbəti onlayn B2G FORUM təşkil edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Caspian Energy Club-un təşkil etdiyi ənənəvi Online B2G Forumunda iştirak ediblər. Forum çərçivəsində COVİD-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.
Bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinin bir dədiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Forum iştirakçılarını salamlayan Anar Kərimov pandemiya dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Caspian Energy Club arasında yüksək səviyyədə əməkdaşlığın və fəal dialoqun olduğunu qeyd edib. «Nazirliyin struktur bölmələrinin rəhbərləri ilə görüşlər keçirilib. Həmin görüşlər çərçivəsində sahibkarların sual və təklifləri müzakirə olunub. Biz biznes-hökumət formatında dialoqu davam etdirməyə və Caspian Energy Club ilə gələcəkdə fəal əməkdaşlıq etməyə hazırıq. Bu format nazirliyin fəaliyyətinin monitorinqini keçirməyə imkan verir. Platforma sayəsində biz sahibkarları maraqlandıran suallara operativ və fəal cavab verə bilərik», — deyə Anar Kərimov qeyd edib.
Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov pandemiya şəraitində biznes-hökumət dialoqunun əhəmiyyətini qeyd edərək, bu istiqamətdə müxtəlif platformalar üzərindən təşkil olunan müzakirələrdə və tədbirlərdə Agentliyin də aktiv iştirak etdiyini, hökumətin hər zaman olduğu kimi mövcud “COVİD-19” şəraitində də sahibkarların yanında olduğunu vurğulayıb. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə biznes layihələr həyata keçirmək istəyən sahibkarların layihələrini KOBİA-ya təqdim edə biləcəkləri və bu sahədə Agentlik tərəfindən göstəriləcək dəstək və xidmətlər diqqətə çatdırılıb.
Daha sonra Anar Kərimov və Orxan Məmmədov Online B2G Forum iştirakçılarının təkliflərini dinləyib sualların cavablandırıblar.
Telman Əliyev açıq və səmimi dialoqa görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimova və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədova minnətdarlığını bildirib.
Sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
1news.az